İdman

Formula-1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanılıb

30-10-2018 | 10:05        

  

Gələn ilin aprelində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanılıb. Builki könüllülük proqramında bir sıra yeniliklər nəzərdə tutulub.

2019-cu ildə sayca dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılıb. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərdən xarici dil bilikləri tələb olunacaq. Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı, onların peşəkar inkişafına da diqqət göstərir. Bu ilki hazırlıq prosesində könüllülər müxtəlif təlimlər, seminar və danışıq klublarında da iştirak edəcəklər. Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərə qatılacaq, yeni məlumatlar qazana və fikir mübadiləsi apara biləcəklər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Tələblərə uyğun hər kəs “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin internet saytında könüllü kimi qeydiyyatdan keçə bilər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 2019-cu ildə aprelin 26-dan 28-dək keçiriləcək. Hazırda yarışlara bilet satışı davam edir. Növbəti aydan etibarən isə trekin tikintisinə start veriləcək.