Siyasət

Azərbaycanla Rusiya arasında parlamentlərarası əməkdaşlıq genişlənir

11-11-2011 | 13:32        

  

 Milli Məclisin sədri Oqtay Əsədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olub. Səfər çərçivəsində spiker Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 Görüşdən məmnun qaldığını bildirən Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkələrimizin mehriban qonşuluq və dostluq münasibətlərini yüksək qiymətləndirib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyi münasibətilə xalqımıza və Azərbaycanın dövlət başçısına təbriklərini çatdırıb. MDB Parlamentlərarası Assambleya çərçivəsində əlaqələrdən danışaraq parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm rol oynadığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu cür səfərlər və görüşlər ölkələrimiz arasındakı münasibətlərin, parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yaxşı töhfə verir. Əməkdaşlığımızın hüquqi bazasından danışaraq dedi ki, ölkələrimiz arasında 165-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Əlaqələrin hərtərəfli inkişafı dövlətlərimizin və xalqlarımızın maraqlarına xidmət edir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.