Siyasət

Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir

11-11-2011 | 13:27        

  

 

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri , Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. Azərbaycan ilə Çin, eləcə də iki ölkənin parlamentləri və hakim partiyaları arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivlərini müzakirə etmək məqsədi daşıyan səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü Xı Quoçyan ilə görüşü olub.

         Böyük imkanlara sahib olan ölkəmizin ümummilli lider Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atdığını diqqətə çatdıran  Xı Quoçyan Azərbaycan tərəfini dövlət müstəqilliyin bərpasının 20-ci ildönümünü münasibəti ilə də təbrik edib. O, gələn il Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin yaranmasının 20 ilinin tamam olacağını vurğulayaraq, ötən müddətdə siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə əlaqələrin inkişaf etdiyini bildirib. Azərbaycanın iki ölkə arasında əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən Əli Əhmədov dedi ki, əməkdaşlığımızın inkişafı üçün böyük imkanlar vardır. Mövcud münasibətlər tam əsas verir ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıraq.  Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edən Əli Əhmədov bildirib ki, Azərbaycan Çinin BMT-də irəli sürəcəyi təşəbbüsləri dəstəkləməyə hazırdır. Əli Əhmədov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini aydın və ardıcıl dəstəklədiyinə görə də Çin tərəfinə təşəkkür edib. Azərbaycan hesab edir ki, müasir dövrdə ölkələrin ərazi bütövlüyü vacib prinsipdir. Azərbaycan həmişə “Vahid Çin” siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.     

         Öz növbəsində Xı Quoçyan bildirib ki, Çin Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcək. Çinin əsas maraqları – “Vahid Çin” siyasətini dəstəklədiyinə görə Azərbaycan tərəfinə minnətdarlıq edən Xı Quoçyan deyib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycan nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının xarici əlaqələr komitəsindəki görüşündə iki ölkə və onun qanunverici orqanları arasında əlaqələrin hazırki vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyəti, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından faydalıdır.

                                     Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsində keçirilmiş görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.                        

         Xatırladaq ki, noyabrın 18-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Çinin Dalyan və Tayyuan şəhərlərində də olacaq.