İdman

Gələn il üçün Formula-1 Azərbaycan Qran Prisinə hazırlıqlar başlanılıb

24-10-2018 | 11:06        

  

Gələn ilin aprelində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin hazırlıqlarına başlanılıb. Hazırda yarışlara bilet satışı davam edir. Növbəti aydan etibarən isə trekin tikintisinə start veriləcək.

Paytaxt Bakı, növbəti il də azarkeşləri Formula 1 yarışlarını izləməyə dəvət edir. Formula 1-2019 Azərbaycan Qran Prisi əvvəlki kimi mövsümün ən yaxşısı seçilməyə iddialıdır və bu ada nominantdır. Artıq yarışlara hazırlıq prosesinə start verilib. Bakının mərkəzində 6 km-lik zonada təşkil ediləcək trekin  tikinti işlərinə gələn aydan başlanılacaq.

500 milyon insanın izlədiyi Formula 1 yarışı Azərbaycanın tanıtımı, turistlərin cəlb edilməsi üçün ən uğurlu layihələrdən hesab edilir. Formula-1-lə əlaqədar növbəti il daha çox turistin ölkəmizə gələcəyi gözlənilir. Bilet satışında da artım proqnozlaşdırılır. Yarış azarkeşlərinə təqdim ediləcək proqram isə daha maraqlı olacaq.

Gələn il aprelin 26-dan 28-dək keçiriləcək Formula 1 yarışlarına daha çox turist cəlb etmək üçün aksiyalar-reklam və tanıtım kampaniyaları  təşkil edilir. Yarışlara bilet almaq istəyənlər üçün də güzəştlər davam edir.  4 günlük biletlərdə  əcnəbilərə 20%-lik endirim, yerli formula 1 azarkeşlərinə isə 25%-lik güzəştlər təklif edilir. Biletlər yarış günlərində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verəcək. F-1 həvəskarları komandaların pilotlarının yarışlara hazırlıqlarını da izləyə biləcəklər.