Digər

AMEA Mərkəzi Elmi Kitabxanası fəaliyyətini genişləndirib

23-10-2018 | 08:48        

  

Son 3 il ərzində Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının  fondlarında saxlanılan kitablar Akademiyanın əsas binasından yeni binaya köçürülüb. Həmçinin Mərkəzi Elmi Kitabxanada Vahid İdarəetmə Sistemi hazırlanıb.

Mərkəzi Elmi Kitabxana Milli Elmlər Akademiyası  sistemində kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılan məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Bura Akademiya sistemindəki 40 kitabxananın fəaliyyətini tənzimləyən və istiqamətləndirən metodik mərkəzdir. Kitabxana müasir informasiya formatina keçid təmin edilməklə oxucuların ixtiyarına verilib. Son 3 il ərzində kitabxananın oxucularının sayı da artıb.

Kitabxananın hazırkı  binası 2015-ci ildə istifadəyə verilib.  Burada dünyanın bütün dillərində olmaqla, 1 milyon 500 mindən çox sənəd mühafizə olunur. Kitabxanın Nadir Kitab fondunda isə Azərbaycanda ən qədim kitablar qorunub saxlanır. Fondda firuzə qaşlı, qızıl suyuna salınmış və sair kitablar da var. 14 zaldan və zəngin fondlardan  ibarət olan kitabxananı hər gün 400-ə yaxın oxucu ziyarət edir. Son illər kitabxananın nailiyyətləri də artıb. Belə ki, ötən il  kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət  platformasının bütün modulları hazırlanıb istifadəyə verilib. Milli Rəqəmsal yaddaş  bazası elmiləşdirilib. Kitabxananın Sərbəst Elektron Resurslarla İş şöbəsində isə  Vikipediya elektron ensiklopediyasının azərbaycan dili bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi prosesi uğurla davam etdirilib, Azvikipediya modeli hazlrlanıb.  Kitabxana beynəlxalq əlaqələrini də genişləndirir. Bu çərçivədə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Macarıstan Prezidenti tərəfindən verilmiş “Qızıl Xaç” ordenini  Mərkəzi Elmi Kitabxanaya təqdim edib.