Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

22-10-2018 | 11:34        

  

200-ə yaxın miqrant İspaniyanın Melilya anklavının ərazisinə keçib

Avropaya çatmağa can atan 300-ə yaxın miqrant İspaniyanın Afrikanın şimalında yerləşən Melilya anklavının ərazisinə keçməyə cəhd edib. Onların təxminən 200 nəfəri tikanlı məftillərdən ibarət 6 metr hündürlüyündə 2 səddi keçməyə müvəffəq olub. İnsident nəticəsində 1 nəfər ölüb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Yerli mətbuatın məlumatına görə 19 nəfər xəsarət alıb. BMT-nin hesablamalarına görə ilin əvvəlindən İspaniyanın Melilya və Seuta anklavlarına bu yolla 6000-dən çox miqrant gəlib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən İspaniyaya gələn miqrantların əksəriyyəti Qvineya, Mali və Mərakeş vətəndaşlarıdır. 

“Ryanair” aviaşirkəti irqi zəmində insidentlə əlaqədar tənqidlərə məruz qalıb

İrlandiyanın “Ryanair” aviaşirkəti bir neçə gün əvvəl baş vermiş irqi zəmində insidentlə əlaqədar tənqidlərə məruz qalıb. Söhbət oktyabrın 19-da Barselona-London reysi həyata keçirən təyyarənin göyərtəsində baş verən hadisədən gedir. Sərnişinlərdən biri qaradərili qadının yanında oturmaqdan imtina edərək, aqressiv davranıb və qadını təhqir edib. Telefonla kameraya çəkilən insident digər sərnişinləri hiddətləndirib və onlar həmin sərnişinin reysdən kənarlaşdırılmasını tələb ediblər. Bu tələbin yerinə yetirilməməsi isə bir çoxlarının narazılığına səbəb olub. “Ryanair” şirkəti faktla bağlı polisə müraciət etdiklərini bəyan edib.

Sürət qatarının relsdən çıxması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, 180-dən çox adam xəsarət alıb

Tayvanın şimal-şərqində sürət qatarının relsdən çıxması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. 180-dən çox adamın xəsarət aldığı bildirilir. Həlak olanlar arasında 3 uşaq da var. Ölənlərin sayının artacağı istisna edilmir. Ağır dəmiryol qəzası İlan şəhərində oktyabrın 21-də baş verib. Şulin yaşayış məntəqəsindən Taydun şəhərinə istiqamətlənən sərnişin qatarında 366 nəfər olub. Qəza nəticəsində qatarın 8 vaqonundan 5-i relsdən çıxaraq çevrilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, bu Tayvanda son 27 il ərzində baş verən ən ağır dəmiryol qəzalarından biridir.

Malaqa əyalətində daşqın 1 nəfərin həyatına son qoyub

İspaniyanın cənubundakı Malaqa əyalətində aramsız yağış daşqına səbəb olub. Təbii fəlakət azı 1 yanğınsöndürənin həyatına son qoyub. Yüzlərlə adam evlərini tərk etmək məcburiyyətində qalıb. Kampiyos şəhərində çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Yol və küçələr su altında qalıb. Ardales yaşayış məntəqəsinə 24 saat ərzində 40 millimetrə yaxın yağıntı düşüb. Xatırladaq ki, iki həftə əvvəl İspaniyanın Mayorka adasında daşqın nəticəsində 13 nəfər həlak olmuşdu. Kolumbiyanın Barrankabermexa şəhərində isə güclü yağış torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət azı 9 nəfərin ölümü ilə nəticələnib. Ölənlərdən 5-i uşaqdır. Torpaq sürüşməsi nəticəsində 3 evin yerlə yeksan olduğu bildirilir.