Bölgələr

“Dini radikalizm və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda müşavirə keçirilib

19-10-2018 | 12:59        

  

Milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda Ağsuda keçirdiyi regional müşavirədə ətraflı danışılıb. Komitənin sədr müavini Səyavuş Heydərov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri məhz dini təhlükəsizlikdir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha göstərir ki, dini təhlükəsizlik təmin edilmədən milli təhlükəsizliyə nail olmaq mümkün deyil. Ölkəmizdə isə güclü siyasi iradə nümayiş etdirərək dini və milli təhlükəsizlik təmin olunub. Hazırkı mərhələdə dini radikalizmə qarşı mübarizə ölkəmizdə milli təhlükəsizliyin qorunması baxımından çox əhəmiyyətlidir. Çıxışlarda dövlət orqanları və cəmiyyətin dini radikalizmə qarşı birgə mübarizə aparmalı olduğu qeyd edilib.