Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

19-10-2018 | 11:01        

  

Xemnits şəhərində türk restoranı yandırılıb

Almaniyanın Xemnits şəhərində naməlum şəxslər  türk əsilli şəxsə məxsus restorana od vurublar. Yanğının qarşısını almaq mümkün olub. Buna baxmayaraq restorana 30 min avro həcmində maddi ziyanın dəydiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis ətrafda yaşayan  evlərdən 17 sakini təxliyə edib. Şahidlər hadisə yerindən qara geyimli 3 nəfərin qaçdığını görüblər. Polis yanğının ksenofob zəmində törədildiyini istisna etmir. Qeyd edək ki, son ayda Saksoniya vilayətinin Xemnits şəhərində əcnəbilərə məxsus 3 restoran hücuma məruz qalıb.

Lacivərd sahilində çox sayda çimərlik dənizdə mazutun təmizlənməsi ilə əlaqədar bağlanıb

Fransanın Lacivərd sahili və tanınmış San-Tropedəki çox sayda çimərlik dənizdə mazutun təmizlənməsi ilə əlaqədar bağlanıb. Oktyabrın 7-də Korsika adasının sahilləri yaxınlığında Tunis və Kiprə məxsus nəqliyyat gəmisi ilə konteyner daşıyan bərənin toqquşması nəticəsində dənizə külli miqdarda neft məhsullarının sızması baş verib. Hadisə səbəbindən Aralıq dənizinə 600 tona yaxın neftin sızdığı bildirilir. Dənizdə çirklənmə zolağının eni bir neçə yüz metr, uzunluğu isə təqribən 20 kilometr təşkil edib. Yerli icra orqanlarının nümayəndələri təmizlik işlərinin hələ bir neçə həftə davam edəcəyini bildiriblər.