İqtisadiyyat

Hövsan Yaşayış Kompleksinin tikintisi davam etdirilir

18-10-2018 | 10:53        

  

Mənzil İnşaatı Dövlət Agentliyinin 2-ci layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisi davam etdirilir. Kompleksdə 2 min 962 mənzil olacaq. Binalardan 7-sinin yeddimərtəbəli, 4-nün isə onmərtəbəli olması nəzərdə tutulur.

Mənzil İnşaatı Dövlət Agentliyin növbəti layihəsi-Hövsan Yaşayış Kompleksi Bakının Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazini əhatə edir. Kompleks Xəzər sahilindən cəmi 2 km məsafədə, yaşayış və istirahət üçün rahat məkanda yerləşir.

Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə geniş həyətlərlə yanaşı, Avropanın cənub şəhərlərində tətbiq olunan kiçik daxili həyətlər də inşa edilir. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.

Mənzillərdən 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nin üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, sosial infrastruktur obyektlərinin tikintisi təmin ediləcək. Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla, iki uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi və tibb mərkəzi də istifadəyə veriləcək. Kompleksin ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Ərazidə yaşıllaşdırmaya göstərilən diqqət kompleksin gələcək sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır.