Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

18-10-2018 | 10:46        

  

Brüsseldə Avropa İttifaqının sammiti davam edir

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti davam edir. Zirvə görüşünün gündəliyində duran əsas məsələlər Böyük Britaniyanın İttifaqdan çıxması, miqrasiya və daxili təhlükəsizliklə bağlıdır. Sammitin birinci günündə liderlər “Breksit” danışıqlarının vəziyyətini nəzərdən keçiriblər. Böyük Britaniyanın baş naziri Tereza Mey “Breksit”ə dair razılaşmanın əldə olunmasının mümkünlüyündən danışıb və qeyd edib ki, sıx əməkdaşlıq etməklə buna nail olmaq olar. Avropa İttifaqına üzv ölkələrin liderləri intensiv danışıqların aparılmasına baxmayaraq, bu məsələdə yetərli irəliləyişin əldə olunmadığını bildiriblər. Avropa İttifaqı Şurası qurumun “Breksit” məsələləri üzrə xüsusi nümayəndəsini razılığın əldə olunması istiqamətində səyləri davam etdirməyə çağırıb. Dövlət və hökumət başçıları qeyd ediblər ki, xüsusi nümayəndə əhəmiyyətli irəliləyişin əldə olunduğunu bəyan etsə, Şuranın sammitini keçirməyə hazırdırlar. Zirvə toplantısının ikinci günündə gündəlikdəki miqrasiya və daxili təhlükəsizlik problemləri müzakirə olunacaq.

“İŞİD” qruplaşmasının planlaşdırdığı böyük terror aktının qarşısı alınıb

Almaniyada xüsusi təyinatlılar “İŞİD” qruplaşmasının planlaşdırdığı böyük terror aktının qarşısı alıblar. Yerli mətbuatın xəbərinə görə bu, 1 ildən çox keçirilən əməliyyat nəticəsində mümkün olub. Hücumu törətmək üçün Almaniyaya 3 qrupdan ibarət terrorçuların göndərilməsinin planlaşdırıldığı üzə çıxıb. Xəbəri təsdiqləyən federal prokurorluğun məlumatında deyilir ki, terrorçuların əsas hədəfi musiqi festivallarından biri, hücumun əsas icraçıları isə “İŞİD” qruplaşmasına qoşulan almaniyalı evli cütlük ola bilərdi.  İstintaq hesab edir ki, qarşısı alınmış terror aktını planlaşdıran şəxslərdən biri “İŞİD”in əsas liderlərindən olan Əbu Müssəb əl-Əlmanidir.

Od departamentində güclü daşqın nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 75 adam xəsarət alıb

Fransanın cənubundakı Od departamentində aramsız yağışın səbəb olduğu güclü daşqın nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Daha 75 adamın xəsarət aldığı bildirilir. Ölüm halları Treb, Vilqayank, Villardonnel, Karkason, Sen-Kua-d’Od və Villalye kommunalarında qeydə alınıb. Fəlakət zonasında evlər, küçələr və yollar su altında qalıb. Bəzi yerlərə bir neçə saat ərzində 3 aylıq normadan artıq yağıntı düşüb. Çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Təhsil müəssisələri bağlanıb. 1500-dən çox evin elektrik təchizatı hələ də bərpa olunmayıb. 6 kommunada içməli suyun verilməsində problemlər yaranıb. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 700 yanğınsöndürən və xilasedici cəlb olunub. Qeyd edək ki, bu Od departamentində son 127 ilin ən güclü daşqınıdır.