Cəmiyyət

Xırdalanda əmlakın yeni mobil qeydiyyatı ofisi vətəndaşların xidmətindədir

18-10-2018 | 08:57        

  

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.  Belə ki, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşüb. Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Hazırda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyanın bu həftəki ünvanı Xırdalan şəhəridir.

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formada fəaliyyətinə Xırdalandan başladı. Səyyar ofisdə vətəndaşlar ərazi idarələrində olduğu kimi  bütün növ qeydiyyat xidmətlərindən yararlana bilirlər. Mobil ofisə optik şəbəkə kabelinin qoşulması ilə Milli Qeydiyyat Sisteminin baza məlumatlarına birbaşa bağlantının yaradılması buna imkan verir.

Müasir proqram təminatı ilə eyni anda bir neçə vətəndaşa müxtəlif növ qeydiyyat xidmətləri göstərmək mümkündür. Hüquqi prosedurları izah edən elektron monitorlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri sənədlərin siyahısı, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Həmçinin burada vətəndaşlar əmlakın qeydiyyatı üçün tələb olunan xidmət haqları və rüsumlar barədə məlumat əldə edə bilir.

Səyyar nəqliyyat vasitəsində daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı, texniki pasportun verilməsi, qeydiyyat arayışlarının əldə edilməsi, o cümlədən, dublikatın verilməsi mümkündür. Həmçinin burada daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi, ünvan barədə məlumatların verilməsi, daşınmaz əmlakın fərdi qiymətləndirilməsinin aparılması kimi işlər görülür. Səyyar ofis Xırdalan şəhərində 19 oktyabr tarixinədək fəaliyyət göstərəcək. İndiyədək Abşeronun 14 kənd və qəsəbəsində keçirilən kampaniya zamanı 1000-ə yaxın vətəndaşa xidmət göstərilib.