Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

17-10-2018 | 11:31        

  

Kataloniyanın müstəqilliyinin tərəfdarları Barselonada nümayiş keçiriblər

İspaniyanın Kataloniya regionunun müstəqilliyinin tərəfdarları Barselonada nümayiş keçiriblər. Aksiyada minlərlə adam iştirak edib. Nümayiş iştirakçıları bir il əvvəl həbs olunmuş Kataloniyanın müstəqilliyi hərəkatının liderlərinin azadlığa buraxılmasını tələb ediblər. Söhbət qiyama təhrik ittihamı ilə həbs olunan Kataloniya Milli Assambleyasının prezidenti Jordi Sançes və “Omnium Cultural” təşkilatının rəhbəri Jordi Kuişardan gedir. Xatırladaq ki, ötən il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi ilə bağlı mərkəzi hakimiyyətin qanunsuz hesab etdiyi referendum keçirilib. Oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bir gün sonra rəsmi Madrid Kataloniya regional hökumətini idarəçilikdən kənarlaşdırıb və parlamenti buraxıb. Sabiq Kataloniya rəsmiləri barəsində qiyama təhrik və dövlət vəsatinin mənimsənilməsi ittihamları ilə cinayət işi açılıb.

Afinada polis əməkdaşları etiraz aksiyası keçiriblər

Yunanıstanın paytaxtı Afinada polis əməkdaşları etiraz aksiyası keçiriblər. Aksiyanın keçirilməsinə səbəb bir neçə gün əvvəl polis məntəqəsinin hücuma məruz qalması olub. Nümayiş iştirakçıları asayiş keşikçilərinin bu cür hücumlara məruz qalmasının qarşısını almaq üçün tədbirlər görülməsini, təhlükəsizliklərinin təmin olunmasını tələb ediblər. Xatırladaq ki, polis məntəqəsinə hücum oktyabrın 15-də baş verib. Bir qrup anarxist polis avtomobilinə və polis məntəqəsinin qarşısındakı bir neçə avtomobilə “Molotov kokteyli” və daş parçaları atıb. Hadisə nəticəsində 4 asayiş keşikçisi xəsarət alıb.

Baden-Vürtemberq vilayətində zavodda sızma nəticəsində 13 nəfər zəhərlənib

Almaniyanın Baden-Vürtemberq vilayətində alüminium emalı müəssisəsində zəhərli maddənin sızması baş verib. Hadisə nəticəsində 13 nəfər zəhərlənib. Onlardan 4-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər  tənəffüs yolları, gözlərdə qıcıqlanma və ürəkbulanma kimi simptomlardan şikayət ediblər. İlkin ehtimala görə sızmaya texniki nasazlıq səbəb olub. Faktla bağlı araşdırmalar davam edir.

“Audi” şirkəti 800 milyon avro cərimələnib

Dizelqeyt qalmaqalı çərçivəsində daha bir avtomobil markası cərimələnib. Almaniya hökuməti yoxlamalardan sonra “Audi” şirkətini 800 milyon avro cərimələmək barədə qərar çıxarıb. Buna səbəb 4 və 6 silindrli dizel mühərriklərinin proqram təminatındakı saxtakarlıqlardır. Şirkət cərimə məbləği ilə razılaşlıb və  qərardan kasasiya şikayəti verməyəcəyini bildirib. Qeyd edək ki, dizel mühərriklərinin proqram təminatındakı saxtakarlıq faktları 2015-ci ilin oktyabrında ortaya çıxıb. O zaman məsələni araşdıran Amerika Ekologiya  Agentliyi Volkswagen şirkətini külli miqdarda cərimələmişdi. Bu hadisədən sonra şirkətin törəmə müəssisələrində də ciddi yoxlamalar aparılıb.

Texas ştatında leysan daşqına səbəb olub

ABŞ-ın Texas ştatının mərkəzi hissəsində aramsız leysan daşqına səbəb olub. Çayların məcrasından çıxması nəticəsində yaşayış evlərini su basıb. Kolorado çayı ətrafında məskunlaşan sakinlərin təxliyəsinə göstəriş verilib. Ərazidə körpülərdən biri uçub. Fəlakət zonalarına xilasetmə briqadaları cəlb edilib.