Siyasət

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

17-10-2018 | 10:45        

  

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 2018-ci il 18 oktyabr tarixini “Azərbaycanın Müstəqillik Günü” elan edib. Bununla bağlı şəhər meri Sam Likkardo və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul olunub.

ABŞ-ın San Xose şəhərində 18 oktyabr tarixinin “Azərbaycanın Müstəqillik Günü” elan edilməsi haqqında bəyannamədə vurğulanır ki,  Azərbaycan Demokratik Respublikasının davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə, ölkəmizin azadlığı və müstəqilliyi bərpa olunub. Sənəddə müstəqilliyin bərpasından sonra ölkəmizin öz suverenliyini və azadlığını gücləndirdiyi, hazırda ABŞ-ın strateji müttəfiqi,  Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Bəyannamədə həmçinin qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır. Sonda 18 oktyabr tarixi San-Xose şəhərində “Azərbaycanın Müstəqillik Günü” elan olunur və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.