Cəmiyyət

“Zaqafqaziya uğrunda mübarizə 1917-1921” kitabının təqdimatı keçirilib

10-11-2011 | 16:14        

  

“Zaqafqaziya uğrunda mübarizə 1917-1921” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, Prezident Administrasiyasının nümayəndələri, tarixçi alimlər, ictimai-siyasi xadimlər, yerli və xarici ekspertlər iştirak edib.

 “Zaqafqaziya uğrunda mübarizə 1917-1921” kitabının təqdimat mərasimində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova deyib ki, Amerika Birləşmiş Ştatlarınını Yell Universitetinin Azərbaycan əsilli professoru Firuz Kazımzadənin bu kitabı ilk dəfə 1951-ci ildə işıq üzü görüb və Qafqaz Strateji Araşdırmalar İnstitutu tərəfindən yenidən nəşr olunub. Qeyd edib ki, kitabda Cənubi Qafqazda yaşayan xalqların mədəni, ictimai-siyasi və iqtisadi həyatından, eləcə də 1918-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası dövründə baş verən mühüm tarixi hadisələrdən bəhs edilir. Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmayılov qafqazşünaslığın tədqiqində bu elmi işin aktuallığı və əhəmiyyətindən danışıb. “Bu kitabı 60 il əvvəl yazmışam və heç vaxt ağlıma gəlməzdi ki, kitab Azərbaycanda bu qədər effekt doğuracaq.” -deyən kitabın müəllifi Firuz Kazımzadə dövlət tərəfindən ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. Millət vəkili Musa Qasımlı isə vurğulayıb ki, bu tədqiqat əsəri 20-ci illərin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi prosesləri, daşnakların türklərə qarşı fəaliyyətini və erməni-gürcü münasibətlərini obyektiv əks etdirir. Kitabda geniş tarixi materiallardan istifadə olunub və bu gənc nəslin maarifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Tədbir daha sonra mövzu ətrafında müzakirələrlə davam edib. Qeyd edək ki, kitab yüksək zövq və nəfis tərtibatla hazırlanan kitab rus dilində nəşr olunub və 1000 tirajla çapdan buraxılıb.