İqtisadiyyat

Alternativ və bərpa olunan enerjinin istehsal həcminin artırılması üçün yeni layihələr reallaşdırılır

16-10-2018 | 13:32        

  

Azərbaycan hökumətinin əsas hədəflərindən biri 2025-ci ilədək yaşıl iqtisadiyyatın dayanıqlılığını təmin etmək hesabına tullantı qazlarının həcmini 35 faiz aşağı salmaqdır. Alternativ və bərpa olunan enejiyə dair beynəlxalq seminarda bu barədə məlumat verilib.

Ekoloji tarazlığı qorumaq, ətraf mühitə atılan tullantıların miqdarını minumuma endirmək, yaşıl iqtisadiyyatın sürətli inkişafını təmin etmək ölkələrin qarşıya qoyduğu prioritetlər arasındadır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatında bildirilir ki, 2025-ci ilədək bu istiqamətdə dünyada 1,7 trilyon ABŞ dollarlıq layihələr həyata keçiriləcək, həmçinin 6 trilyon dollar əlavə gəlir əldə ediləcək. Bu qurumla yaxından əməkdaşlıq edən Azərbaycan hökuməti də ətraf mühitin qorunması, alternativ və bərpa olunan enerjinin istehsal həcminin artırılması istiqamətində işlər görür. Son 10 ildə ölkəmizdə müvafiq qanunvericilik bazası formalaşdırılıb, Qobustan, Samux və digər bölgələrdə bərpa olunan enerji paliqonları yaradılıb. Hazırda ölkəmizin elektrik enerjisinə təlabatının 10 faizi bu mənbələr hesabına ödənilir. Ona görə də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığı daha da intensivləşdirib. Bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsinə dair keçirilən seminarda bu barədə müzakirələr aparıldı.

Bildirildi ki, yaxın 15 il üçün Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafını tam təmin etmək və ətraf mühitə zərərlərin minumuma endirilməsi üçün dövlət başçısının tapşırıqlarına əsasən, kompleks tədbirlər görülür. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş proqram icraçısı Prasson Aqarval Azərbaycanın günəş, külək, su və geothermal mənbələrdən enerji alınması üçün geniş imkanların olduğunu dedi.

Seminarda müxtəlif təqdimatlar oldu, iştirakçıların sualları cavablandırıldı.