Siyasət

“Azərbaycan özünün tolerantlıq ənənələrinə görə dünyada nümunəvi ölkədir”

16-10-2018 | 12:55        

  

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman Berlində keçirilən “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və gələcək prespektivlər” mövzusundakı konfransda belə deyib. O, Azərbaycanın Avropa üçün geostrateji və iqtisadi əhəmiyyətini vurğulayıb. Ətraflı Qərbi Avropa ölkələri üzrə təmsilçimiz Nemət Əkbərli xəbər verir.

Berlində Aşağı Saksoniya federal torpağının Federasiya yanındakı nümayəndəliyində keçirilən “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və gələcək prespektivlər” mövzusundakı konfransda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iki dövlət arasında ən yüksək səviyyədə mövcud olan siyasi dialoqu və bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya, Federal Kansler Angela Merkelin isə ölkəmizə səfərini xatırlatdı. Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman Azərbaycanın Avropa üçün geostrateji və iqtisadi əhəmiyyətini vurğuladı. O, xalqlarımız arasında münasibətlərin 200 illik tarixə söykəndiyini, bunun da iki dövlət arasında münasibətlərin inkişafı baxımından möhkəm zəmin yaratdığını qeyd etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Almaniya Bundestaqının vitse-prezidenti ölkəsinin bu münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirdi. O, Azərbaycanı özünün tolerantlıq ənənələrinə görə dünyada nümunəvi ölkə adlandırdı. Sonra tədbir panel müzakirələrlə davam etdi. Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinə həsr olunan paneldə Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının sədr müavini Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının vacibliyini vurğuladı.

Bundestaqın deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün diplomatik səylərin artırılmalı olduğunu bildirdi. Almaniya Xarici İşlər Nazirliyində keçmiş dövlət katibi, NUMOV cəmiyyətinin məsləhət şurasının üzvü Volf Rutord Born bu münaqişədə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu vurğuladı. O, münaqişənin həllində Madrid prinsiplərinə əməl olunmasının əhəmiyyətini qeyd etdi. Tədbirin ikinci panelində “Businnes & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılığı ilə münasibətlərin tarixi, Azərbaycanda alman irsi və iki dövlət arasında elmi-mədəni münasibətlərə dair müzakirələr keçirildi. Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Maria Aux almanların tarixən Azərbaycana köç etməsi, onların ölkəmizdə səmimi qarşılanması, alman irsinə hazırda hörmətlə yanaşılması barədə danışdı. Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Mattias Kruze Almaniya Kanslerinin Azərbaycana səfərinə toxundu, bunun bir çox sahələrdə, o cümlədən iqtisadi dairələrdə əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaratdığı dedi. Qissen Universitetinin dosenti Türkoloq Mixael Hess isə alman ədəbiyyatşünasların Azərbaycan ədəbiyyatına olan marağına dair misallar gətirdi.

Tədbirdə Azərbaycanda alman məskənlərinin tarixindən bəhs edən “Keçmişin qızıl səhifələri“ adlı alman dilində yeni nəşr olunan kitab da təqdim olundu.  Tədbir bədii hissə ilə davam etdi. Tədbir iştirakçıları milli təamların dadına da baxdılar.