Xarici xəbərlər

Ermənistanda baş nazir istefaya gedir

16-10-2018 | 10:45        

  

Oktyabrın 16-dan etibarən Ermənistanda baş nazir istefaya gedir. Siyasi ekpertlər hesab edirlər ki, bu, Paşinyan hökuməti üçün olduqca riskli addımdır. Onun təmsil etdiyi blok dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərindən qalib gəlməyə bilər.  

Ermənistanda siyasi vəziyyət kritik mərhələyə qədəm qoyur. Dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədər baş nazir istefaya gedir. Siyasi ekspertlər hesab edirlər ki, indiki şəraitdə bu çox riskli addımdır. Çünki, yeni hökumət hələ tam formalaşmayıb. Ölkəni 20 ildən artıq müddətdə idarə edən hərbi-xunta rejimi isə tam zərərsizləşdirilməyib. “İrs” partiyasının sədri Armen Martirosyanın sözlərinə görə, sabiq prezident Robert Koçaryanın dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyənatı Nikol Paşinyanı arxayın qoyub. Köçəryan hələlik buna hazır olmadığını bildirsə də vəziyyətin pisləşdiyi təqdirdə fikrindən dönəcəyini də qeyd edib. Bu isə onu təsdiqləyir ki, sabiq prezident hələ də tam qərar qəbul etməyib. Vəziyyət isə 2 ay ərzində hər an dəyişə bilər. Beynəlxalq təşkilatlar da Paşinyanın tələsik seçkilər keçirməsinə narazıdırlar. Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Nüfuzlu “Washington Times” qəzeti isə Ermənistandakı anarxiyadan yazıb. ABŞ Dövlət Departlamentinin əməkdaşı Adam Erelinin fikirlərinin yer aldığı məqalədə bildirilir ki, Nikol Paşinayan minlərlə tərəfdaşını paytaxtın mərkəzi meydanına toplamaqla bu ilin may ayının 8-də hakimiyyətə gəldi. Parlament əvvəlcə onun namizdəliyini təsdiqləmədi. Amma sonradan kütlənin təzyiqi ilə buna məcbur oldu. Hakimiyyəti ələ aldığı gündən özünü xalqın namizədi adlandıran Paşinyan sistematik olaraq Ermənistandakı rəhbərlik institutlarını dağıtmağa başladı. Özünün hakimiyyətinin yüz günlüyündə çıxış edəndə o, sevinərək yüz minlərlə tərəfdaşına bildirdi ki, Ermənistanda koalisiya hakimiyyəti, parlament çoxluğu yoxdur. Son hakimiyyət birbaşa rəhbərliyi həyata keçirən xalqa məxsusdur. Bu o deməkdir ki, hakimiyyət bu meydana tabe olacaq və bütün əsas qərarlar məhz bu meydanda verilməlidir. Onu tənqid edənlərə isə “xalqı hirsləndirməyin, yoxsa pis olacaq” deyə hədə-qorxu da gəlib. Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidməti, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdiyi ağlasığmazdır. Dezinteqrasiya Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir.