Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

16-10-2018 | 10:41        

  

Tereza Mey “Breksit” danışıqlarının gedişi ilə bağlı parlamentdə çıxış edib

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından çıxmasına dair danışıqların gedişi ilə bağlı parlamentdə çıxış edib. Hökumət başçısı əmin olduğunu bildirib ki, həm Britaniya, həm də Avropa İttifaqı üçün ən yaxşı çıxış yolu “Breksit”ə dair razılığın əldə olunmasıdır. Tereza Mey belə bir razılaşmaya nail olacaqlarına inandığını qeyd edib. Baş nazir vurğulayıb ki, İrlandiya sərhədi ilə bağlı dalana dirənmiş məsələnin danışıqların gedişinə mane olmasına imkan verməyəcək. Qeyd edək ki, Britaniyanın ittifaqdan 2019-cu il martın sonunadək çıxmalı olmasına baxmayaraq, Brüssellə rəsmi London arasında məsələ ilə bağlı razılıq hələ də əldə olunmayıb. Bir qədər əvvəl “Breksit”ə dair Brüsseldə keçirilmiş danışıqlarda heç bir razılıq əldə olunmayıb. Əsas mübahisə doğuran məsələlərdən biri İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd məsələsidir.  

Köln şəhərinin dəmiryol vağzalında qadının girov götürülməsi hadisənin terror aktı olması istisna edilmir

Almaniyanın Köln şəhərinin dəmiryol vağzalında qadının girov götürülməsi hadisənin terror aktı olması istisna edilmir. Bu barədə təcili çağırılan mətbuat konfransında Köln şəhərinin polis rəisinin müavini məlumat verib. Pois insidentin xronoloji ardıcıllığını tərtib edib. Oktyabrın 15-i gündüz saatlarında “McDonalds” restoranına daxil olan naməlum şəxs insanlara doğru “Molotov kokteyli” atıb. Nəticədə 14 yaşlı qız xəsarət alıb. Bunun ardınca o,  yaxınlıqdakı aptekə daxil olub və burada bir qadını girov götürüb. Cinayətkar özünü və qadını yandıracağını bildirib. O, girovun bədəninə qaz balonları və yandırıcı maye ilə dolu şüşə qab bərkidib. Polisin fərziyəsinə görə cinayətkarın üzərində  odlu silah da olub. Hadisə yerinə gələn xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində girov azad olunub. Cinayətkar isə yaralı vəziyyətdə ələ keçirilib. Əməliyyat başa çatdıqdan sonra polis hadisə yerində 55 yaşlı Suriya vətəndaşının sənədlərini aşkarlayıb. Bu sənədlərin cinayətkara məxsus olub-olmaması araşdırılır.

Od departamentində son 127 ilin ən güclü daşqını 11 nəfərin həyatına son qoyub, 8 adam ağır xəsarətlər alıb

Fransanın cənubundakı Od departamentində aramsız yağışın səbəb olduğu güclü daşqının törətdiyi fəsadlar artıb. Təbii fəlakət azı 11 nəfərin həyatına son qoyub, daha 8 adam ağır xəsarətlər alıb. Daha 2 nəfərin itkin düşdüyü bildirilir. Bəzi yerlərə bir neçə saat ərzində 3 aylıq normadan artıq yağıntı düşüb. Narbon şəhəri ətrafındakı çaylar məcrasından çıxıb. Nəticədə küçə və evlər su altında qalıb. Yüzlərlə istifadəçinin elektrik təchizatı kəsilib. Sakinlərin təxliyəsinə və təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 700 yanğınsöndürən və xilasedici cəlb olunub. Bu, Od departamentində son 127 ilin ən güclü daşqınıdır. Qeyd edək ki, bir neçə gün əvvəl  Fransanın Var departamentində leysan 2 nəfərin həyatına son qoymuş, çayların daşmasına səbəb olmuşdu.