Siyasət

Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib

15-10-2018 | 11:33        

  

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə xalq İlham Əliyevi dəstəkləyərək onu özünə Prezident seçdi. Ali dövlət vəzifəsində ilk günlərdən nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə İlham Əliyevə xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Onun rəhbərliyi altında son 15 ildə həyata keçirilən inkişaf strategiyası bu gün Azərbaycanın uğurlarını şərtləndirən əsas amil kimi çıxış edir.

2003-cü ildən sonra 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində yenidən inamlı qələbə qazanan İlham Əliyev prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirdi, insan hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığını təmin edilməsinə, vətəndaşların rifah halının yüksəlməsinə nail oldu. Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir. Ölkəmizdə söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin ötən dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar deyilənləri bir daha təsdiqləyir. Ölkənin iqtisadi inkişafının təmin olunmasını əsas vəzifələrdən birinə çevriən dövlət başçısının fəaliyyəti nəticəsində nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan, uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP boru kəməri rəsmən fəaliyyətə başladı. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2050-ci ilə qədər uzadıldı. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlərə başlandı. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrildi. Bunu Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin uğurla başa çatdırılması da təsdiqləyir. Bundan əlavə, ölkəmizi qonşu dövlətlərlə birləşdirən yeni magistral yolları tikildi. Artıq Azərbaycanda tikilən yolların uzunluğu 15 min kilometrə çatır. Xəzərdə ən böyük Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Bakıda bölgənin ən böyük Gəmiqayırma zavodu inşa olunub. Paytaxt da daxil olmaqla bölgələrdə 7 hava limanı yenidən qurularaq istifadəyə verilib. Azərbaycan hava yollarının təyyarə parkı tamamilə yenilənib. İndi ölkə üzrə qazlaşdırma 95 faiz səviyyəsindədir. Bu dövrdə ümumi generasiya gücü 2500 MVt olan 30 elektrik stansiyası istifadəyə verilib və Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilib. Ölkə üzrə fasiləsiz içməli su ilə təminat 67 faizə çatdırılıb. Nəhəng Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi icra edilib, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu inşa olunub. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə buraxılıb. Bunun ardınca Yer səthini müşahidə edən “Azersky”, 2018-ci ilin sentyabrında isə “Azerspace-2” peyki orbitə çıxarılıb. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8, sənaye istehsalı 2,6, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdırıb, “İnklüziv inkişaf indeksi”ndə isə ölkəmiz 3-cü yerdədir. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin xidmətləri sayəsində ölkədə müasir texnologiyaların tətbiq olunduğu çoxsaylı istehsal yönümlü müəssisələr açılıb, sənayeləşmə siyasəti çərçivəsində regionlarda yeni sənaye zonaları yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları sayəsində Azərbaycanın bölgələri daha da çiçəklənib. Turizmin inkişafı ilə bağlı kompleks tədbirlər görülüb, paytaxtda və bölgələrdə 5 ulduzlu otellərin tikilib istifadəyə verilməsi geniş vüsət alıb, ölkəmizə turist axınını gücləndirmək üçün asan vizanın tətbiqinə başlanıb. Aqrar sektorda həyata keçirilən islahatların səmərəliliyini təmin etmək üçün ölkədə 4 iri su anbarı tikilib, 219 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Dövlət başçısının təşəbbüsü ilə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çəltikçilik və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi istiqamətində görülən işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb. İlham Əliyevin prezidentliyi dövründə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb, dövlət orqanlarının əhaliyə göstərdiyi xidmətləri vahid sistemdə birləşdirən və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzləri yaradılıb. Bu mərkəzlərə 2013-cü ildən daxil olan müraciətlərin sayı 24 milyonu ötüb. Bu yaxınlarda isə əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" -  DOST fəaliyyətə başlayacaq. Təsadüfi deyil ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, habelə Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük xidmətlərinə görə Prezident İlham Əliyev 2015-ci ildə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif olunub. Bundan əlavə, şəhid ailələri, müharibə veteranları və əlillərinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli diqqət mərkəzində saxlanılıb, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşıb. 2016-cı ilin aprel ayında düşmən təhlükəsindən qurtarılan Cocuq Mərcanlı kəndi qısa müddətdə bərpa edilib, orada 150 evdən ibarət qəsəbə tikilib. Prezident İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin artırılmasını, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsini hər zaman diqqətdə saxlayıb. Hazırda dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Silahlı Qüvvələri möhtəşəm qələbələrə imza atır. 2016-cı il aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuzun əks-hücuma keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması dediklərimizi bir daha təsdiqləyir. Bütün bu uğurların əldə olunmasında isə təbii ki, təbii ki, Azərbaycanın hazırda 1200 adda hərbi təyinatlı məhsul istehsal edən milli müdafiə sənayesi mühüm rol oynayıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman qoruyub saxlayıb. O, dəfələrlə bəyan edib ki, “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. Artıq bir çox beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənib, Ermənistan iğalçı dövlət kimi tanınıb. Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu yüksəlib. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul olunub. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Bu nəticənin əldə olunmasında ölkəmizin dünyada formalaşdırdığı müsbət imicin, Azərbaycana olan inam və etimad böyük rol oynayıb. Bu illərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dini-mənəvi və tarixi-mədəni əhəmiyyət kəsb edən məscid və dini ibadətgahların bərpası, yenilərinin tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin fəaliyyətində xüsusi yer tutub. Bundan əlavə, multikulturalizm və tolerantlıq ənənələrinin yaşadılması da dövlət başçısının hər zaman diqqət mərkəzindədir. Bu gün dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan, məhz bu keyfiyyətləri ilə Roma Papası Fransiskin Bakıya səfərini şərtləndirən Azərbaycan nüfuzlu beynəlxalq forumların keçirilmə məkanına çevrilib. Prezident İlham Əliyev deyir ki, “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Bu mənada ölkədə idmanın inkişafına xüsusi diqqət ayıran dövlət başçısı bu sahənin maddi-texniki bazasını möhkəmləndirib, ölkədə 43 Olimpiya İdman Kompleksi tikilib. İdmançılarımız da etimadı doğruldub, elə sonuncu Rio Olimpiyadasında 18 medal qazanmaqla tarixi rekorda imza atıblar. 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edib. 50 ölkəni təmsil edən 6 min idmançının iştirak etdiyi oyunlarda komandamız 21-i qızıl olmaqla 56 medal qazanıb. 2017-ci ilin mayında isə IV İslam Həmrəyliyi Oyunları Bakıda baş tutub. Azərbaycan komandası bu oyunlarda birinci yerə çıxıb. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışları təşkil edilir. Xalqımızın keçdiyi tarixi mərhələlər, milli ideologiyamızın əsas prinsipləri bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə tam mənası ilə ifadə olunub. Bunun təməlində isə qədim tariximizə, şanlı keçmişimizə, zəngin mədəni irsimizə və əlbəttə ki, ana dilinə, ədəbiyyatına olan məhəbbət dayanıb. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir, ölkəmizi təbliğinə xidmət edir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevirilib. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq “Evrovijn” mahnı yarışmasının uğurlu təşkili göstərib ki, ölkəmizin malik olduğu mədəni dəyərlər millətlərin və xalqların maraq dairəsindən heç vaxt çıxmayıb və son illərin Azərbaycanı bu qənaəti daha da möhkəmləndirib. Bununla da Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər ərzində keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq böyük naliyyətə imza atıb. Bunu Azərbaycan paytaxtının simasından da görmək olur. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, regionun biznes və mədəniyyət mərkəzinə, cəlbedici turizm və istirahət məkanına çevrilib. Məhz Prezident İlham Əliyevin xidmətləri sayəsində ölkəmizin müstəqillik dayaqları daha da möhkəmlənib, Azərbaycanın əldə etdiyi uğurlar, nümayiş etdirdiyi qətiyyət sübut edib ki, xalqımız müstəqil yaşamağa və öz dövlətçilik ənənələrini qoruyub saxlamağa qadirdir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.