Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

15-10-2018 | 11:05        

  

Böyük Britaniyanın Aİ-dən çıxması ilə əlaqədar bir sıra vacib məsələlərdə razılıq əldə olunmayıb

Brüssel və rəsmi London Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar bir sıra vacib məsələlərdə razılığa gələ bilməyib. Bu açıqlama ilə Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye çıxış edib. Qurum rəsmisi Brüsseldə Britaniyanın “Breksit” məsələləri üzrə naziri Dominik Raabla görüşdüyünü, bütün səylərə baxmayaraq bir sıra mühüm problemlərin, o cümlədən İrlandiya ilə sərhəd məsələsinin həll olunmamış qaldığını bildirib. Avropa İttifaqının üzvü olan İrlandiya və Britaniya ilə birlikdə ittifaqın tərkibindən çıxmaq üzrə olan Şimali İrlandiya arasında sərhəd rejimi “Breksit” danışıqlarında ən ciddi məsələ olaraq qalmaqdadır. Qeyd edək ki, Britaniyanın Avropa İttifaqını rəsmi olaraq tərk etməsi üçün təxminən 5 ay vaxt qalıb. Proses 2019-cu il martın 29-da başa çatmalıdır.

Xristian-Sosialist Birliyi Bavariyadakı parlament seçkilərində son 60 ildə ən aşağı nəticə göstərib

Almaniyanın Bavariya vilayətinin regional parlamentinə keçirilmiş seçkilərin ilkin nəticələri məlum olub. Nəticələrə əsasən Kansler Angela Merkelin koalisiya hökumətindəki əsas tərəfdaşı olan Xristian-Sosialist Birliyi partiyası mütləq əksəriyyəti itirib. Son 60 ildə ilk dəfə ən aşağı nəticə nümayiş etdirən partiya 37,2% səs qazanıb. O, regional parlamentdə hakim koalisiyanı formalaşdırmaq üçün tərəfdaş axtarmalı olacaq. Səsvermənin nəticələrinə görə ikinci yerdə Yaşıllar partiyası gəlir. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən “Almaniya üçün Alternativ” partiyası da ilk dəfə olaraq Bavariya qanunverici orqanında təmsil olunacaq. Ümumilikdə, regional parlamentdə 6 partiya yer qazanıb. 

Hessendə təyyarə qəzası nəticəsində 3 nəfər ölüb, 8 adam xəsarət alıb

Almaniyanın Hessen vilayətində yüngülmühərrikli təyyarə insanların üzərinə düşüb. Fulda şəhərində aerodrom yaxınlığında baş verən qəza nəticəsində 3 nəfər həlak olub, aralarında təyyarənin pilotu da olmaqla 8 adam xəsarət alıb. Həlak olanlardan 2-si qadın, 1-i isə azyaşlıdır. Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yerli medianın məlumatına görə hadisə ilk cəhddə eniş edə bilməyən təyyarə yenidən havaya qalxan vaxt baş verib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Avtobus qəzası 1 nəfərin ölümünə, 14 adamın xəsarət almasına səbəb olub

İsveçrədə almaniyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb. Luqano şəhəri yaxınlığında baş verən hadisə nəticəsində 1 nəfər  ölüb, daha 14 adam xəsarət alıb. Yaralılardan 2-sinin vəziyyəti ağır qiymətləndirilir. Əraziyə təcili tibbi yardım briqadaları və helikopter cəlb olunub. Almaniyanın Köln şəhərindən İtaliyanın Assizi şəhərinə gedən avtobusda hadisə baş verən vaxt 25 nəfər olub. Qəzanın səbəbləri araşdırılır.  

Yağışla müşayiət olunan “Lesli” tropik qasırğası ciddi fəsad törədib

İspaniyada yağışla müşayiət olunan “Lesli” tropik qasırğası ciddi fəsad törədib. Sürəti saatda 100 kilometrə çatan güclü külək ağacları kökündən qoparıb. Qasırğa Barselona şəhərində də həyatı iflic edib. Meteoroloqlar ölkənin şimalı və şimal-qərbində daşqınla bağlı xəbərdarlıq ediblər. Bundan əvvəl Portuqaliyada tüğyan edən “Lesli” qasırğası burada 27 nəfərin xəsarət almasına səbəb olmuş, 324 000 istifadəçi elektrik enerjisiz qalmışdı. Böyük Britaniyanın qərbində isə aramsız yağışla müşayiət olunan “Kallum” qasırğası insan tələfatına səbəb olub. Təbii fəlakət 3 nəfərin həyatına son qoyub. Ən ciddi vəziyyət Uelsdə qeydə alınıb. Bəzi yerlərdə daşqın və torpaq sürüşməsi baş verib. Fəlakət zonasına 15 santimetrdən çox yağıntı düşüb. Çayların məcrasından çıxması nəticəsində küçə və evlər su altında qalıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb.  Qatarların hərəkəti ific olub.