Cəmiyyət

“Yeni Yasamal” yaşayış massivində yerləşən istirahət parkı əsaslı şəkildə yenidən qurulub

12-10-2018 | 14:27        

  

Dövlət başçısının tapşırığı ilə Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması,  sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün yüksək standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər  ardıcıl tədbirlər görülür. Bu istiqamətdə Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da aparılan abadlıq-quruculuq işləri bu rayonu paytaxtın ən gözəl məkanlarından birinə çevirib. Son illər rayonda həyata keçirilən abadlıq işləri sırasında Yeni Yasamal yaşayış massivində yeləşən istirahət parkının yenidənqurulması işləri də mühüm əhəmiyyət daşıyır. Görülən işlər çərçivəsində uzun müddət baxımsız vəziyyətdə olan istirahət parkı əsaslı şəkildə yenidən qurulub. 1,7 hektar ərazidə abadlıq işləri aparılıb. Parkın yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənib və yaşıllıq zonası salınıb. Bundan başqa parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, geniş gəzinti meydançaları yaradlıb. Parkın mühafizəsini təşkil etmək üçün ərazi dekorativ hasara alınıb. Sakinlərin asudə vaxtının səmərəli keçirilməsi, istirahətləri üçün seyrangahlar və oturacaq quraşdırılıb. Parkda sakinlərin idmanla məşğul olmaları üçün qurğular, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün iaşə obyektləri də tikilib. Parkda çoxlu sayda dekorativ ağac, kol, gül bitkilərindən istifadə edərək müasir yaşıllıq və gül kompozisiyaları yaradılıb.

Yeni Yasamal istirahət parkının ətrafında yerləşən bütün yaşayış binalarının fasadları da əsaslı şəkildə yenidən qurulub, müasir üslubda üzlənib və rənglənib. Müxtəlif təyinatlı kiçik həcmli ticarət və xidmət obyektlərinin xarici görünüşünün yenilənməsi işləri də aparılıb. (gecə) Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramlarının icrası nəticəsində paytaxt Bakının görkəmi dəyişir və bütün işlər yüksək keyfiyyətlə aparılır. Yasamal rayonun “Yeni Yasamal” yaşayış massivində yerləşən istirahət parkların yenidən qurulması da  paytaxtımızın simasına yeni görkəm verərək, əhalinin istirahəti üçün sevimli məkanlardan olacaq.