Siyasət

Rusiyanın Azərbaycandakı səfiri BSU-da olub

12-10-2018 | 12:49        

  

“Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə özünü göstərir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkdaşlıq yüksələn xətlə inkişaf edir”. Bu barədə Bakı Slavyan Universitetində Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovla keçirilən görüşdə bildirilib.

“Azərbaycanla Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Uğurlu əməkdaşlıq siyasi, iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə müşahidə olunur”. Bu barədə Bakı Slavyan Universitetində keçirən görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov bildirdi. O, bu yaxınlarda Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətinə də toxundu.

Rusiyalı diplomat iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığın perspektivlərinə də nəzər saldı. Rusiya ali təhsil ocaqları ilə Bakı Slavyan Universitetinin humanitar sahədə əməkdaşlığına yaxından dəstək olacağını vurğuladı. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva isə rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixindən, Azərbaycanda rus dilinin inkişafına ayrılan diqqətdən danışdı. Təhsil ocağında rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini bildirdi. Digər çıxış edənlər də ölkələrimiz arasında münasibətlərinin inkişafından danışdılar.  Sonra səfir BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində “Moskva auditoriyası” və Sankt-Peterburq Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Tələbələrin ifasında rəqslər nümayiş etdirildi, rus poeziyasından nümunələr səsləndirildi.