Siyasət

Sankt-Peterburqda MDB PA Şurasının iclası keçirilib

10-11-2011 | 11:50        

  

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının növbəti toplantısı keçirilib. Noyabrın 10-da isə Assambleyanın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının iclası keçiriləcək.

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının iclasında təşkilati məsələlərə baxılıb, şuranın və bir neçə daimi komissiyanın sədrləri seçilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi iclasda bu ilin sentyabr və oktyabrında MDB dövlət və hökumət başçılarının toplantılarında qəbul olunan qərarlara baxılıb. Şura üzvləri Qazaxıstanda parlament, Qırğızıstanda prezident seçkilərində müşahidələrin nəticələri ilə tanış olublar. İclasda Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konsfransın, “Vətəndaşların demokratiya və seçki hüquqları”, “MDB: nailiyyətlər, problemlər və perspektivlər” seminarının nəticələri, MDB-nin və Assambleyanın 20 illiyinə həsr olunan tədbirlər planına dair müzakirələr aparılıb.

Parlamentarilər Assambleyanın 2012-ci il üçün işlər planını, həmçinin 2013-2014-cü illərdə model qanun yaradıcılığı sahəsində görüləcək işləri müəyyənləşdiriblər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri seçki və referendumlarda iştirak edən beynəlxalq müşahidəçilər üçün nəzərdə tutulan seminarlarda, assambleyanın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclaslarında da iştirak edəcəklər.