Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

12-10-2018 | 10:56        

  

Avropa Komissiyası: ““Breksit” danışıqlarında hələ ki, əhəmiyyətli irəliləyiş yoxdur”

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı danışıqlarda hələ ki, əhəmiyyətli irəliləyiş yoxdur. Bu açıqlama ilə Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edib. Bununla belə, o, Avropa Komissiyasının texniki səviyyədə intensiv danışıqları davam etdirdiyini bəyan edib. Marqaritis Sxinas “Breksit”ə dair razılıq əldə olunması üçün çox işlədiklərini vurğulayıb. Qeyd edək ki, oktyabrın 17-18-də “Breksit” danışıqları ilə bağlı Avropa İttifaqına üzv ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Görüşdə lazımi irəliləyişə nail olunsa, razılaşmaların yekunlaşması üçün noyabrın 17-18-də növbədənkənar sammit keçirilə bilər. Britaniya və Avropa İttifaqı arasında “Breksit”in şərtlərinə dair razılıq noyabradək əldə olunmalıdır ki, Avropa Parlamenti və Britaniya qanunverici orqanı bu razılaşmanı marta qədər təsdiqləyə bilsin.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Afinaya səfər edib

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Yunanıstana səfər edib. O, yunan həmkarı Prokopis Pavlopulos və baş nazir Aleksis Tsiprasla  danışıqlar aparıb. Aleksis Tsipras Almaniya prezidentinin Yunanıstana səfərinin iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı üçün yaxşı imkan yaratdığın bildirib. Ştaynmayer öz növbəsində 2-ci dünya müharibəsi zamanı faşist Almaniyasının Yunanıstana qarşı törətdiyi hərbi cinayətlərə görə üzr istəyib. Aleksis Tsipras Almaniya Prezidenti ilə görüşü zamanı nasistlərin cinayətlərinə görə Yunanıstana  hərbi reparasiyaların ödənilməsi məsələsinə toxunub. Məsələ ilə bağlı Rəsmi Afina Berlindən 300 milyard avrodan çox təzminat tələb edə bilər. Ştaynmayer 2-ci dünya müharibəsi zamanı faşistlərin minlərlə insanı əsir saxladığı Afinanın qərbindəki Xaydari həbs düşərgəsini də ziyarət edib. O, törədilmiş cinayətlərə görə ölkəsinin özünü mənəvi və siyasi tərəfdən hələ də günahkar hiss etdiyini vurğulayıb. Qeyd edək ki, bu Frank-Valter Ştaynmayerin Almaniya Prezidenti kimi Yunanıstana ilk səfəridir.

Baden-Vürtemberq vilayətində avtobus qəzası nəticəsində 16 turist xəsarət alıb

Almaniyanın Baden-Vürtemberq vilayətində ağır yol qəzası baş verib. Hokenhaym şəhərində turistləri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir. Avtobusda ümumilikdə 30-dan çox Avstraliya, Kanada və ABŞ vətəndaşı olub. Hadisə yerinə xilasetmə və təcili yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

“Maykl” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 1 milyon 200 000 ev və müəssisə elektrik enerjisiz qalıb

ABŞ-ın cənub-şərqində güclü “Maykl” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. 4 adamın Floridada, 2 nəfərin isə Corciya və Şimali Karolina ştatlarında öldüyü bildirilir. Qasırğa qurbanlarından biri 11 yaşlı uşaqdır. Sürəti saatda 250 kilometrə çatan güclü külək evlərə ciddi ziyan vurub, ağacları kökündən qoparıb, elektrik xətlərini sıradan çıxarıb. Təbii fəlakət nəticəsində Florida, Alabama, Corciya, Cənubi və Şimali Karolina, həmçinin Virciniya ştatında 1 milyon 200 000 ev və müəssisə elektrik enerjisiz qalıb. Sözügedən ştatlarda fövqəladə vəziyyət rejimi elan olunub. Minlərlə sakin təhlükəli ərazilərdən müvəqqəti sığınacaqlara köçürülüb. Bəzi yerlərə 20 santimetrdən çox yağıntı düşüb. Florida ştatında təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün Milli Qvardiyanın 3 500 əsgəri cəlb olunub.   Qeyd edək ki, “Maykl” ABŞ tarixində üçüncü ən güclü qasırğalardan biri hesab olunur. Avstraliyanın Kvinslend ştatında isə qasırğa, tornado və dolu dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində azı 5 nəfər xəsarət alıb. Zərərçəkən bir adamın vəziyyəti ağırdır. 10 000-ə yaxın ev və müəssisənin elektrik təchizatı kəsilib. Güclü külək ağacları kökündən qoparıb, evlərin damlarına ciddi ziyan vurub. Xilasetmə xidmətinə yardımla bağlı 300-dən çox çağırış daxil olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR