Digər

ABŞ-da keçirilən Beynəlxalq simpoziumda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub

12-10-2018 | 10:05        

  

ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən Briqam Yanq Universitetində  Beynəlxalq hüquq və din simpoziumu keçirilib.  Simpoziumda 50 ölkə təmsil olunub. İnsan haqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə məruzələr edilib.  Bu ilki tədbirdə Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından biri olub.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, fərqli dinlərə  mənsub olan insanların qarşılıqlı anlaşma və mehriban qonşuluq  şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin əsas siyasi prioritetlərindən biri olduğunu vurğulayıb. Ölkəmizin dinlərarası harmoniyaya verdiyi töhfələrindən söhbət açan baş konsul Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikan, Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən bəhs edib.

Simpoziumda bir sıra tanınmış elm və din  xadimləri, o cümlədən ABŞ-ın dini azadlıqlarla bağlı xüsusi tapşırıqlar üzrə səfiri Səm Braunbək, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel, Avropa İnsan Haqları Məhkəməsinin hakimi Ann Pouer–Ford iştirak ediblər.