İqtisadiyyat

Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi istifadəyə verilib

12-10-2018 | 09:11        

  

Azərbaycan dəmir yolunun şimal sərhəd qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi istifadəyə verilib. Dəmiryolu nəqliyyatı işçilərinin peşə bayramı münasibətilə istifadəyə verilən məntəqənin fəaliyyəti ölkəyə daxil olan və göndərilən qatarların tərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir

Müasir üslubda inşa edilərək istifadəyə verilən Texniki Xidmət Məntəqəsi dəmiryolçuların rahatlığını təmin edəcək. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinin Şimal vaqon deposuna məxsus olan məntəqədə işçilər üçün hər cür şərait yaradılıb. Dərs otaqları lazımi plakat və digər əyani vəsaitlər, mebel dəsti, həmçinin kompüter və telefonlarla  təmin edilib. İşçilərə yeni geyim formaları təqdim olunub. Yeni məntəqənin fəaliyyəti ölkəyə daxil olan və göndərilən qatarların tərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir.

Bakı-Dərbənd dəmir yolu xətti 1900-cu ildə istismara verilib. Azərbaycan dövlət müstəqilliyini bərpa edənə qədər vaqonların Texniki Xidmət Məntəqəsi Rusiya Federasiyası Şimali Qafqaz dəmir yolunun Dərbənd stansiyasında fəaliyyət göstərib. Azərbaycana daxil olan və buradan göndərilən qatarlara baxış həmin stansiyada həyata keçirilib. 1992-ci ildə Yalama Sərhəd Keçid Məntəqəsinin yaradılmasından sonra burada Texniki Xidmət Məntəqəsinin tikilməsi zərurəti ortaya çıxıb. Elə həmin il stansiyada məntəqənin fəaliyyətə başlaması üçün, müvəqqəti olaraq, istismardan silinən örtülü vaqon qoyulub və uzun illər məntəqə belə fəaliyyət göstərib. 2017-ci ildə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsinin inşasına başlanılıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları Texniki Xidmət Məntəqəsində yaradılan iş şəraiti ilə tanış olublar.