Xarici xəbərlər

Azərbaycan- Balkan ölkələri biznes forumu keçirilib

07-11-2011 | 17:22        

  

Belqradda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının 1-ci iclası və Azərbaycan-Balkan ölkələri biznes forumu keçirilib. Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

İqtisadi İnkişaf Naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belqradda yerləşən "Taşmaydan parkı"nda Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzdülər. Azərbaycan nümayəndə heyəti həmçinin, "Taşmaydan parkı"nda görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini ziyarət ediblər.

Serbiyanın paytaxtı Belqradda Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın I iclası keçirildi.

İclasda çıxış edən İqtisadi İnkişaf naziri, Komissiyanın həmsədri Şahin Mustafayev iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, Ölkə Prezidentlərinin qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğuladılar. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladan Şahin Mustafayev bu sahədə Serbiyanın ölkəmizə dəstək göstərdiyini qeyd edib. Azərbaycanın regionda lider dövlət olduğunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, öz təcavüzkar mövqeyi ilə regional layihələrdən kənarda qalan Ermənistan özü-özünü Cənub Qafqaz regionunun iqtisadi xəritəsindən silib.

Serbiyanın Xarici İşlər naziri, komissiyanın həmsədri Vuk Yeremiç Serbiya rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Komissiyanın iclasında əməkdaşlığın genişləndirilməsində infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, kimya və əczaçılıq sənayeləri, informasiya texnologiyaları, yol infrastrukturunun tikintisi sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşlarının təşviqi qarşılıqlı maraq doğuran sahələr kimi qeyd edilib, Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondu və Serbiyada İxracın və Sərmayələrin Təşviqi Agentliyi arasında əməkdaşlığın məqsədəuyğunluğu vurğulandı. İclasda Serbiya tərəfi toxum və bitki materiallarının ixracında, gübrə istehsalı və s. sahələrdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib, Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində Azərbaycan tərəfi iştiraka dəvət edilib.

Eləcə də Azərbaycan İnvestisiya Şirkəti və Serbiyanın "Farmacom" şirkəti arasında Azərbaycanda akkumlyatorların təkrar emalı istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması barədə razılıq əldə olundu. İclasda həmçinin, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Sonra İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Serbiyanın Xarici İşlər naziri Vuk Yeremiç Hökumətlərarası Komissiyanın I iclasının yekunlarına dair Protokolu imzalayıblar.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Balkan ölkələri - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, 40-dan çox sahibkar, Balkan ölkələrindən isə müxtəlif sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak ediblər. İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanla Serbiya arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazasının yaradılıb, ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olan ticarət dövriyyəsi bu ilin 9 ayı ərzində 18,3%, Azərbaycandan Serbiyaya ixrac 3 dəfə, ölkəmizə idxal isə 18% artıb. Ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensial mövcuddur. Naziri iş adamlarını əməkdaşlığı daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət edib. Serbiyanın İqtisadiyyat və Regional İnkişaf naziri Neboyşa Çiriç iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat verib. AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Serbiya Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin Serbiyanın iqtisadi imkanları, biznes mühiti barədə təqdimatlarla çıxış ediblər. Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Azərbaycan nümayəndə heyəti Serbiyanın İnciya şəhərindəki sənaye parkında yaradılan infrastrukturla da tanış olublar.