Siyasət

“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə dair müzakirələr aparılıb

11-10-2018 | 13:17        

  

“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş təsdiqlənməsi üçün Milli Məclisə təqdim olunub. Sazişin qəbul və təsdiqi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında digər komitə üzvlərinin iştirakı ilə müzakirə edilib.

“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında”  Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə “BP EKSPLOREYŞN  LİMİTED” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında bu il aprelin 26-da Londonda imzalanıb. Xəzər dənizində yerləşən sazişin sahəsi 3 min 197 kvadrat kolometrdir.

Vitse-spiker məlumat verdi ki, riskli dövrdə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payı “BP EKSPLOREYŞN LİMİTED” tərəfindən maliyyələşdiriləcək. Neft-qaz hasilatı başlayacağı təqdirdə isə çəkilmiş  xərclər ortaq neft şirkətinin payına düşən karbohidrogenlərin satışından əldə edilən vəsaitdən ödəniləcək. Saziş ilkin kəşfiyyat, əsas kəşfiyyat və işlənmə-hasilat dövrünü əhatə edir. Əgər ərazidə neft-qaz aşkarlansa, işlənmə proqramı hazırlancaq. İşlənmə-hasilat dövrü bu proqram təsdiqlənən tarixdən başlayaraq 25 il müddətinə davam edəcək. Podratçı işlənmə proqramı təsdiqlənəndən sonra və işlənmə-hasilat dövrü başlayan tarixdən etibarən 48 aydan gec olmayaraq sənaye hasilatının başlanmasına nail olmaq üçün lazımı addımların atılması öhdəliyini üzərinə götürür. Valeh Ələsgərov dedi ki, sənaye hasilatının başlanma tarixinədək mühəndis texniki işçilərin 70, fəhlə heyətinin 90, sənaye hasilatı başlanması tarixindən isə mühəndis texniki işçilərin 90, fəhlə heyətinin 95 faizini azərbycanlılar təşkil edəcək. Lakin əvvəlki sazişlərin icra təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşlarının sayı daha çox olur. Sazişdə mütləq şərt qoyulur ki, Azərbaycan vərəndaşlarının peşə hazırlığı üçün podratçı tərəf təlimlər keçirməli və buna müəyyən vəsait xərcləməlidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Sədri Ziyad Səmədzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və digər çıxış edənlər sənədin ölkəmizin və xalqımızın mənafeyinə, iqtisadi imkanlarının artmasına xidmət etdiyini vurğuladılar. Bildirildi ki, Azərbaycan 20 ildən çoxdur uğurlu neft siyasəti həyata keçirir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu, etimadını və etibarını daha da artırıb. Sənəd təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyyə olundu.