Xarici xəbərlər

Ermənistanda əsgər ölümlərinin sayı artıb

11-10-2018 | 11:38        

  
Üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən  Ermənistan hərbi sahədə də iflasa uğrayıb. İşğalçı ölkədə əsgərlər arasında özünəqəsd və suiqəsd  hallarının sayı artıb. Ermənistanda siyasi vəziyyət də sabit deyil.  Baş nazir dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə görə oktyabrın 16-da istefa verməyə hazırlaşır.

Helsinki Vətəndaş Assambleyasının İrəvan Ofisi Ermənistan ordusundakı vəziyyətlə  bağlı növbəti hesabatını açıqlayıb.   Bildirilir ki, “məxməri inqilabdan” əvvəl olduğu kimi indi də hərbi hissələrdə acınacaqlı ab-hava hökm sürür. Əsasən də “dedovşina” halları artıb. Əsgərlər zorakılığa məruz qalırlar. Son insident zamanı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində hərbi qulluqçu Gevorq Aroyan öldürülüb. Ailəsi iddia edir ki, əsgəri zorakılıqla qətlə yetiriblər.  Hərbi prokurorluqdan verilən məlumatda isə iyulun 28-də hərbi xidmətə çağırılan Aroyanın özünə odlu silahdan atəş açdığı qeyd edilir. Valideynlərinin sözlərinə görə övladları ilə sonuncu görüş zamanı əsgərin gözlərinin altında döyülmə izlərini seziblər. Bununla bağlı oğullarını sorğu-suala tutsalar da o, döyüldüyün boynuna almayıb. Bircə onu deyib ki, burada ali təhsil diplom keçmir. Əsgərləri hər işə məcbur edirlər.  Ailəsindən bildirilir ki, onların oğulları heç vaxt özünə qəsd etməzdi. Onu öldürüblər. Ümumilikdə son həftə ərzində 4 hərbçisini itirən düşmən tərəf bu halları ciddi cəhdlə cəmiyyətdən gizlətməyə çalışır.   Ermənistanda siyasi vəziyyət də sabit deyil.  Baş nazir dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə görə oktyabrın 16-da istefa verməyə hazırlaşır. Nikol Paşinyan bunu “France 24” telekanalına deyib. Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçiriləcək.  Baş nazir bununla bağlı oktyabrın 8-də memorandum da imzalayıb. İndi Ermənistanda hər kəsi bir məsələ düşündürür. Paşinyan küçənin köməyi ilə müxalifəti məhv edib yenidən baş nazir seçilə bilərmi? Əksər siyasi şərhçilər hesab edir ki,  Nikol Paşinyanın özünün vəziyyəti o qədər də qənaətbəxş deyil. Birincisi, çoxları ciddi iqtisadi islahat, daxili siyasətdəki sakitliyi görmədikləri, eləcə də minimal ödənişlə yaşamağa məcbur olduqları üçün inqilabın xəyal qırıqlığını yaşayır. İrəvanda ekspertlər artıq baş nazirin bütün inqilabçıların səhvlərini təkrar etdiyini, əks inqilab üçün zəmin hazırladığını deyirlər. Belə hallar tarixdə kifayət qədərdir.