Cəmiyyət

Bu ilin ötən dövrü ərzində sahibkarlara 117 milyon manatdan çox güzəştli kredit verilib

11-10-2018 | 11:13        

  

Bu ilin ötən dövrü ərzində sahibkarlara təxminən 117 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına reallaşdırılacaq müxtəlif layihələr nəticəsində 7 min 700-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Dövlət başçısının "Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiqlənib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin maksimal həddi milyon manatadək artırılıb. Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışı, qeyri-neft istehsalının və ixracının genişlənməsi, istehsal xərclərinin azalması, məhsulun maya dəyərinin aşağı düşməsi, yeni istehsal sahələrinin yaradılması, özəl sektorun dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradır. Yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5 milyon 300 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqropark, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və digər sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117 milyon 300 min manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7700-dən çox yeni iş yerinin açılması mümkün olacaq.