Mədəniyyət

Bakıda “Dekorativ sənət və interyer” adlı konfrans keçirilir

10-10-2018 | 13:53        

  

Bakıda Beynəlxalq Muzeylər Şurasının iki beynəlxalq komitəsi – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları ilə Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri birgə konfrans keçirir. “Dekorativ sənət və interyer” adlı toplantıda 14 ölkədən 42 nümayəndə iştirak edir.

14 ölkədən 42 mütəxəssis ev-muzeylərinin yeni iş metodları, yeni yanaşmalar ilə tanışlıq, muzey işçiləri ilə sıx əlaqələrin qurulması məqsədilə Bakıdadır. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xalqların əsrlər boyu yaratdığı maddi və mənəvi irsi qorumağın, gələcək nəsillərə ötürməyin vacibliyini vurğuladı. Xalça Muzeyinin direktoru Şirin Məlikova əməkdaşlığın inkişafında bu cür konfransların əhəmiyyətli olduğunu dedi.

Beynəlxalq Muzeylər Şurası- ICOM-un prezidenti Suay Aksoy təmsil etdiyi qurumun mədəni irsin qorunması istiqamətində gördüyü işlərdən danışdı. Qeyd etdi ki, mədəni irsin, muzeylərin ümumilikdə incəsənətin bir hissəsi olan dekorativ sənət və interyerin müzakirəsi yeni ideyaların meydana gəlməsi üçün gözəl fürsətdir.

Tarixi ev muzeyləri üzrə beynəlxalq komitənin prezidenti Elza Rodrigez muzey işlərinin təşkilində beynəlxalq konfrans və seminarların mühüm platforma rolunu oynadığını dedi. Praqa dekorativ təsviri sənət muzeyinin direktoru Helena Kaniksmarkova  və digər mütəxəssislər ideya və təkliflərlə çıxış etdilər.

Konfrans çərçivəsində bir sıra tədbirlər keçiriləcək, İçəri şəhər, Heydər Əliyev Mərkəzi, Milli İncəsənət, Tarix Muzeyi, teatr və ev muzeyləri də  ziyarət olunacaq.  “Dekorativ sənət və interyer” iki gün davam edəcək.