Analitika

Azərbaycan istisnasız olaraq bütün sahələrdə qarşıya qoyulan hədəfləri uğurla həyata keçirməkdədir

10-10-2018 | 11:10        

  

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı, səsləndirdiyi fikirlər, qarşıya qoyduğu hədəflər ölkə gündəminin  əsas hadisəsi kimi diqqət məqkəzindədir. Aparılan təhlillər göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bir–birini tamamlayan siyasi və iqtisadi islahatlar isə daha böyük perspektivləri şərtləndirir.

Bu ilin doqquiz ayının sosial-iqtisadi yekunları göstərir ki, Azərbaycan istisnasız olaraq bütün sahələrdə qarşıya qoyulan hədəfləri uğurla həyata keçirməkdədir. Ölkə iqtisadiyyatında pozitiv meyllər getdikcə güclənir, sosial  layihələr geniş miqyas alır. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə reputasiyası daha da artır. Təbii ki, bütün bunlar  ilk növbədə ölkənin iqtsadi müstəqilliyi ilə şərtlənir. İqtisadi müstəqillik isə sözsüz ki, uğurlu diplomatiya, müstəqil xarici siyasət olmadan mümkün deyil. Azərbaycanın regional, eləcə də qlobal müstəvidə tutduğu yer, dünya siyasətinin gündəmini formalaşdıran ABŞ, Rusiya, Fransa, İtaliya kimi ölkələrlə artan əlaqələri, bu iln 9 ayında prezident İlham Əliyevin 12 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçılarının isə Azərbaycana səfərləri də bunu aydın göstərir.  Bütün bunlar isə əlbəttə, ölkələr, güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı etimada söykənən yüksək səviyyəli münasibətlərə  əsaslanır.

Bu baxımdan milli maraqlarımızın tam təsbit olunduğu Xəzər dənizinin hüquqi statusuna daur konvensiya xüsusi əhəmiyyət kəsb edir. İslam ölkələri ilə də əməkdaşlıq yüksələn xətlə gedir. Doqquz ay ərzində rəsmi Bakının ev sahiliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlər - Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası, Vİ Bakı Qlobal Forumu, Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin konfransı kimi qlobal səciyyə daşıyan tədbirlər də bunu təsdiqləyir. Bu tədbirlər bir tərəfdən ölkəmizin beynəlxalq nüfuzunu artırırsa, digər tərəfdən Azərbaycanın dünyaya açıq, müasir və inkişafda olan bir ölkə olduğunu sübut edir. Şübhəsiz ki, burada dövlət başçısının fəal və prinsipal mövqeyi əsaslı rol oynayır, xarici siyasətin çevik konturları əməkdaşlığa mühüm töhfələr verir.

Regionda inkişafa, təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, işğal faktının aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hüquqi baza əsas şərtdir. Azərbaycan həm dövlətlərarası münasibətlərdə, həm də beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyəti ilə bu istiqamətdə mühüm üstünlüyə nail ola bilib. BMT, Qoşulmama Hərəkatı, Şərq Tərədaşlığı Proqramı kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr də bunu aydın göstərir. Yaxud bu ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanan tərəfdaşlıq prioritetləri sənədində və NATO-nun zirvə görüşündə qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunması da bu həqiqəti ortaya qoyur. Lakin işğal faktına rəğmən Azərbaycan sürətlə inkişaf edir, regional və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Təbii ki, bu tendensiya Azərbaycanın iqtisadi və siyasi qüdrətinə əlavə güc qatır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqelərinin daha da güclənməsi, münaqişə ilə bağlı tutduğu prinsipial mövqe də bunu açıq göstərir. Artan diplomatik, iqtisadi üstünlüklər fonunda isə Azərbaycanın hərbi gücü, müdafiə qüdrəti getdikcə yüksəlir. Ordumuzun dünyanın 50 ən güclü orduları sırasında qərarlaşması, bu il ərzində Bakıda keçirilən möhtəşəm hərbi paradlar da bunun əyani nümayişinə çevrildi və işğalçı ölkəyə belə bir açıq  mesaj oldu ki, Azərbaycan hansı yolla olursa -olsun  ərazi bütövlüyünü təmin edəcək. Bu əminlik ölklənin artan iqtisadi potensialından da real görünür.

Belə ki, 9 ay ərzində:

- ümumi daxili məhsul  - 0,8 faiz;

- sənaye istehsalı 2 , o cümlədən, qeyri-neft sənayesi 10,8 %;

- qeyri-neft  istehsalı 1, kənd təsərrüfatı 4,3 %;

- əhalinin pul gəlirləri 9,5 %;

- xarici ticarət dövriyyəsi 37 %,  ixrac da təxminən bir o qədər artıb.

- iqtisadiyyata 9 milyard dollar sərmayə qoyulub, o cümlədən qeyri-neft sektoruna 5,6 milyard dollar sərmayə yatrılıb.

Ölkənin valyuta ehtiyatları da ilin 9 ayında 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Rəqəmlərdən də göründüyü kimi ölkə iqtisadiyyatında müsbət dinamika hökm sürür. Aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşmə siyasəti isə daha böyük uğurlardan xəbər verir. 9 ay ərzində Azərbaycan nəqliyyat-kommunikasiya sahəsində böyük uğurlara imza atıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanın istifadəyə verilməsi Bakı-Tbilisi-Qarsdan sonra bu sahədə ikinci ən böyük hadisədir. Beləliklə də açıq dənizə çıxışı olmayan Azərbaycan nəhəng  nəqliyyat qovşağına, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Ümumilikdə, ölkədə dəmiryolu infrastrukturunun modernləşdirilməsi – istər beynəlxalq nəqliyyat marşrutları üzrə, istər sərnişindaşımada, istərsə də turizm məqsədi ilə əsas hədəf kimi qarşıya qoyulub. Bu ilin may və iyun aylarında Cənub Qaz Dəhlizi və onun əsas komponenti olan TANAP-ın açılışı isə Azərbaycanın neft-qaz strategiyasının növbəti uğuru idi. Həyata keçirilən kompleks tədbirlər, davamlı dövlət dəstəyi digər sahələr kimi ölkədə kiçik və orta sahibkarlığın inkişafına da mühüm töhfə verir. Belə ki, sahibkarlıq artıq real sektorda  əsas indikatora çevrilib və dövlət özəl sektor əməkdaşlığının dünyada rast gəlinməyən Asərbaycan nümunəsi formalaşıb.

Bir sözlə, İnstitusional islahatlar, subsidiyalar, dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alınması, meliorativ tədbirlər, qaz, su, elektrik enerjisi ilə təminat, yol infrastrukturu kimi çoxsaylı tədbirləri də bura əlavə etsək, onda sahibkarlığın inkişafı üçün yaradılan əlverşli mühiti tam təsəvvür etmək olar. Göstərilən dəstək, yatırılan investisyalar isə ərzaq təhlükəsizliyi ilə yanaşı, həm də ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradır. Ona görə də ənənəvi bazarlarda möhkəmlənməklə bərabər yeni bazarların axtarışı gündəmə gəlir. Bunun üçün dövlət təsrli tədbirlər görür, müxtəlif ölkələrə ixrac missiyaları göndərilr, ticarət evlərinin əhatə coğrafiyası genişləndirilir. İlin 9 ayında müşahidə olunan nailiyyətlərdən biri də turizm sektoru ilə bağlıdır. Bütün bunlarla yanaşı, prezident bir daha ölkədə ümumi inkişafa mane olan amillərin aradan qaldırılması üçün prinsipial mövqe ortaya qoydu və  bu istiqamətdə konkret vəzifələr müəyyənlşdirdi.

Belə ki:

- gələn ilin büdcəsi investisiya və sosial yönümlü olacaq;

- iqtisadi sahədə, xüsusilə də vergi və gömrük sahəsində islahatlar davam etdirilməli;

- bu yaxınlarda orbitə buraxılan “Azərspace-2” peykinin imkanlarından səmərəli istifadə olunmalı;

- kənd təsərrüfatının inkişafı, iri fermer təsərrüfatlarının, aqroparkların və sənaye parklarının yaradılmassürətləndirilməli;

- sosial təminat sahəsində şəffaflıq təmin olunmalı,sosial layihələrin icrası davam etdirilməli;

- paytaxtda qanunsuz tikililərin qarşısının alınması prosesi davam etdirilməlidir; Və ən nəhayət,

- regionların sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanan dördüncü dövlət proqramında görüləcək ən vacib işlər öz əksini tapmalıdır.

Bütün bunlar isə belə deməyə əsas verir ki, ölkənin bundan sonrakı uğurlu inkişafı üçün də real əsaslar var. Elə son 15 ildə ölkənin keçdiyi inkişaf yolu, verilən bütün vədlərin yerinə yetirilməsi də bu həqiqəti təsdiqləyir. Sözlə əməlin vəhdəti isə heç şübhəsiz ki, Azərbaycanın inkişaf dialektikasını təşkil edir və daha nikbin gələcəkdən xəbər verir.