Siyasət

Sankt-Peterburqda MDB PA şurasının iclası keçiriləcək

05-11-2011 | 11:20        

  

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının növbəti toplantısı keçiriləcək. Toplantıda  iştirak etmək üçün noyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqa səfər edəcək.

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının iclasında təşkilatı məsələlərə baxılacaq, şuranın və bir neçə daimi komissiyanın sədrləri seçiləcək. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasda Qazaxıstanda parlament, Qırğızıstanda prezident seçkilərində müşahidəyə dair, həmçinin Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, “Vətəndaşların demokratiya və seçki hüquqları”, “MDB: nailiyyətlər, problemlər və perspektivlər” seminarının nəticələri barədə müzakirələr aparılacaq. İclasın gündəliyinə MDB-nin və Assambleyanın 20 illiyinə həsr olunan tədbirlər planının müzakirəsi də salınıb. Parlamentarilər assambleyanın 2012-ci il üçün işlər planını, həmçinin 2013-2014-cü illərdə model qanun yaradıcılığı sahəsində görüləcək işləri müəyyənləşdirəcəklər. Akif Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin üzvləri seçki və referendumlarda iştirak edən beynəlxalq müşahidəçilər üçün nəzərdə tutulan seminarlarda, assambleyanın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclaslarında da iştirak edəcəklər. Səfər müddətində spiker Oqtay Əsədov Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Ukrayna Ali Radasının sədri Vladimir Litvin və toplantıda iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparacaq.