Cəmiyyət

Bu gündən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün müraciət edə bilərlər

09-10-2018 | 08:45        

  

Bu gündən etibarən şəhid hərbi qulluqçuların vərəsələri dövlət başçısının fərmanına əsasən, birdəfəlik ödəməni almaq üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin internet saytına daxil olmaqla ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilər. Hüquqi olan şəxslər məhz bundan sonra  notariat kontoruna müraciət edərək qeydiyyatdan keçəcəklər.

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrasına uyğun olaraq, oktyabrın 9-dan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilər. Axtarışın nəticəsi olaraq “Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin və ya vərəslərin birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə  notariat kontoruna müraciət edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə  təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Nazir bildirdi ki, vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.

Əgər hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edə bilərlər. Hərbi qulluqçunun vərəsəsi tərəfindən notariat kontoruna təqdim olunan sənədlərə gəlincə isə bura hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı, birdəfəlik ödəmənin verilməsi haqqında nazirliyinin adına ünvanlanan ərizə, bank hesabı nömrəsinə dair arayış və digər bu kimi sənədlər daxildir. Sahil Babayev onu da dedi ki, şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün bu il dövlət büdcəsindən 58 milyon manat vəsait ayrılıb. Və sözügedən prosesin müraciətlərin sayından asılı olaraq iki il müddətinə başa çatması planlaşdırılır.