Cəmiyyət

Azərbaycan və Gürcüstan arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib

05-11-2011 | 10:48        

  

Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib. Tərəflər məsləhətləşmələr zamanı, həmçinin konsulluq əməliyyatlarının aparılması, eləcə də biometrik identifikasiya tələblərinə uyğun sənədlərin istehsalı sahəsində təcrübə mübadiləsinin aparılması istiqamətində razılığa gəliblər.

Görüşdə konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb. Məsləhətləşmələr zamanı Azərbaycanda və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının hüquqi vəziyyəti, iki ölkə arasında bağlanan mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyəti, hər iki ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu, miqrasiya proseslərini tənzimləyən qanunvericilik aktları və onlara edilmiş son dəyişikliklər haqqında məlumat mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanda və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının qarşılaşdıqları çətinliklər və onların həlli yolları, ikili vətəndaşlıq və vətəndaşsızlıq hallarının aradan qaldırılması, Azərbaycanın və Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən, tərəflərin vətəndaşı olan məhkumların verilməsi, onlara hüquqi yardımın göstərilməsi istiqamətində əməkdaşlıq kimi vacib məsələlər müzakirə edilib. Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.