Siyasət

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi müzakirə olunub

04-11-2011 | 16:25        

  

 2012-ci ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etdiriləcək.  Bu isə Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin gəlir və xərclərinin artırılmasına imkan yaradır. Fondun büdcə layihəsi Milli Məclisin sosial siyasət komitəsinin iclasında əlaqədar nazirlik və təşkilatlarının nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Azərbaycanda qaşıya qoyulan əsas məqsədlərdən biri vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, əhalinin sosial təminatının gücləndirilməsi, rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlar gələn il də davam etdiriləcək. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin dövlət büdcəsini və büdcə zərfinə daxil olan layihələrdəki göstəricilərin artırılmasını şərtləndirən amillərdən danışıblar. Qeyd olunub ki, büdcə vəsaitləri ilə yanaşı hökumətin büdcə sistemindəki şəffaflığın artırılması istiqamətində gördüyü işləri  xarici ekspertlər də yüksək qiymətləndirir.  Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov fondunun 2012-ci il büdcə proqnozları barədə məlumat verərək bildirib ki, layihənin tərtibi zamanı ölkədə həyata keçirilən sosial iqtisadi siyasətin uğurla davam etdiriləcəyi nəzərə alınıb. Demoqrafik proqnozlara, 2009-2015-ci illərdə Azərbaycanda Sığorta Pensiya Sisteminin İnkişafına dair dövlət proqramında gələn il üçün nəzərdə tutulan islahat tədbirlərinin qiymətləndirilməsinə əsas yer verilib. Son 3 ilin və cari ilin ötən dövrünü əhatə edən ölkənin əsas iqtisadi-sosial göstəriciləri, əhalinin gəlir və xərcləri, ümumdaxili məhsul, adambaşına düşən orta aylıq əmək haqqı, məşğulluq və demoqrafiya, istehlak qiymətləri indeksləri, işsizlik müavinətləri ilə bağlı proqnozlar və məlumatlar fondun büdcəsinin əsas istiqamətlərini müəyyənləşdirib. Gələn il fondun büdcə xərcləri 2 milyard 454,3 milyon manat təşkil edəcək ki, bu da cari ilin dürüstləşmiş proqnozuna nisbətən 288,8 milyon manat və ya 13,3 faiz çoxdur. Bu məbləğin 97.5 faizi əhaliyə ödənişlər əməliyyatı olacaq. Gələn il əmək pensiyalarının ödənilməsinə 2 milyard 322,5 milyon manat yönəldiləcək, Bu isə cari ilə nisbətən 13,4 faiz çoxdur. Qeyd olunub ki, 2012-ci ildə də ölkə iqtisadiyyatının dinamink inkişafı davam etdiriləcək. Əhalinin gəlirləri 6,8 faiz artacaq. İlin sonuna orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 11,8 artaraq 432,5 manat təşkil edəcək. Əmək qabiliyyətli əhalinin orta illik sayı 5 milyon 913 min, iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 366 min, iqtisadiyyatda məşğul olanların orta illik sayı 4 milyon 161 min nəfərə çatacaq. İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempi 3 dəfə aşağı düşəcək. Gələn ilin sonuna əhalinin sayının 9 milyon 342 min nəfərə çatacağı gözlənilir. Bu ilin sonuna pensiyaçıların sayının təqribən 1 milyon 281 min 400 nəfər, gələn ilin sonunda isə 1 milyon 279,3 min nəfər olacağı gözlənilir. İclasda 2012-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri də müzakirə olundu. 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün 102 manatdan 116 manat,  pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 manatdan 87 manata qaldırılacaq. Eləcə də gələn il ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manatdan 84 manata qaldırılacaq. Qeyd olundu ki, fondun büdcə layihəsinin proqnozları elmi əsaslara söykənir. Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR