Siyasət

Yüz il əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib

21-09-2018 | 17:03        

  

Şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan parlamenti qısa zaman fəaliyyət göstərməsinə baxmayaraq çox iş gördü, çətin və şərəfli yol keçdi. Başlıcası isə ölkədə güclü dövlətçilik ənənələrinin başlanğıcı qoyuldu. Bu fikir Azərbaycan parlamentinin 100 iliiyinə həsr olunan Milli Məclisin xüsusi iclasında səslənib. Qeyd olunub ki, yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı. Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədov xalqımızı parlamentin yaranmasının 100 illiyi münasibəti ilə təbrik etdi.  Ötən əsrin əvvəlində yaradılan ilk parlamentli respublikanın tarixinə nəzər saldı. Vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Spiker diqqət çatdırdı ki, bu gün də Azərbaycan parlanemti ölkədə demokratik hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini verir.

Sonra parlamentin tarixinə həsr edilən film nümayiş olundu.

Yubiley iclasında çıxış edən Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva ölkəsi və xalqı adından Azərbaycan parlamentini 100 illiyi münasibəti ilə təbrik edərək bildirdi ki, Bolqarıstan Azərbaycanla əlaqələrinə böyük önəm verir. “Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir” deyən Tsveta Karayançeva vurğuladı ki, iki ölkə arasında beynəlxalq təşkilatlarda da yüksək əməkdaşlıq qurulub. Azərbaycan Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində böyük rol oynayır. İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur.

Türkiyə Böyük Millət Məclisin sədri Binəli Yıldırım da salam və təbriklərini çatdırdı. Qeyd etdi ki, Azərbaycanın bu günki inkişafında Milli Məclisin fəaliyyəti danılmazdır. Azəbaycan ikinci dəfə müstəqilliyini qazandıdan sonra ölkə böyük inkişaf yolu keçib. Ülu öndərin seçdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yol bütövlükdə regiona inkişaf, sabitlik gətirir. Dünyada gedən çətin proseslərdən danışan Binəli Yıldırım bildirdi ki, belə bir mürəkkəb şəraitdə Azərbaycan və Türkiyə digər regional ölkələrlə birgə mühüm layihələr reallaşdırır. O, diqqəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də yönəldərək Azərbaycan torpaqlarının tezliklə işğaldan azad edilməsinin vacibliyini önə çəkdi. 

Belə bir tədbirdə iştirakdan şərəf duyduğunu deyən Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari isə vurğuladı ki, ölkəsi dövlətlərimizin  qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. O, bundan sonra da  istənilən məsələdə Azərbayacanın yanında olacaqlarını bildirdi. Necə ki, Azərbaycan da hər zaman Pakistanın yanındadır. Bizim ölkələrimiz böyük potensiala  sahibdir və bundan səmərəli istifadə edilməsi üçün lazımi  addımlar atılır”.sitaın sonu. 

Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycanın güclü dövlət olduğunu bildirdi. Ölkə güclü iqtisadiyyatını qurub. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan demokratik inkişaf yollu ilə irəliləyir. Ölkədə yaxşı hüquqi baza yaradıb. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə də nüfuzunun artmasına səbəb olur.

“Biz Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacağıq”. Bu fikri isə Küveyt Dövlətinin Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim səsləndirdi. O, ölkəsinin Şərqlə Qərb arasında iqtisadi və mədəni körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Bunu isə Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Dastanbek Cumabekov bildirdi. Vurğuladı ki. Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən siyasətçi Heydər Əliyevin ölkənin müstəqilliyinin qoruyub saxlanması və  inkişafında rolu əvəzsizdir. Məhz onun səyləri nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, ölkə inkişaf yoluna qədəm qoydu. Həyata keçirilən bütün islahatlarda parlament də fəal rol oynayıb. Fəaliyyətini demokratik və qanunun aliliyi prinsipləri əsasında həyata keçirən parlament tərəfindən qəbul olunan qanunlar Azərbaycanın demokratik inkişafı üçün əsaslı zəmin yaradıb.

Belə bir tədbirdə iştirakdan böyük qürur duyduğunu deyən Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla da diqqətə çatdırdı ki, Azərbaycan tərəqqi yolu ilə gedir. Qonaq son zamanlar iki dost ölkə arsında əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycana turist kimi səfər edən Bəhreyn vətəndaşlarının çoxaldığını dedi.

Bu əlamətdar hadisənin Azərbaycan xalqının öz tarixinə böyük diqqət yetirdiyinin bir nümunəsi olduğunu deyən Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd bunun təqdirəlayiq olduğunu bildirdi. Müsəlman Şərqində ilk parlament olan bu qanunverici orqan mühüm qərarlar qəbul edib. Azərbaycanın müstəqilliyində mühüm rol oynayıb.

Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər də ölkələrimizin yüksək səviyyəli əlaqələrindən danışarq dedi ki, Sudan Azərbaycanla  əməkdalığı inkişaf etdirmək əzmindədir. Qonaq iki ölkənin beynəlxalq qurumlarda birgə əməkdaşlığını da yüksək qiymətləndirdi.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə xalqımızı təbrik etdi. Vurğuladı ki, bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir. Bu hadisə yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib. “Bu müasir “Alov qüllələri”nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib”. Sitatın sonu.

Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif, Qazaxıstan Senatı sədrinin müavini Bektaş Beknazov, Çexiya Deputatlar Palatasının sədr müavini Voteks Filip, Tacikistan Nümyəndələr Palatası sədrinin müavini Abdulcabar Əzizi, İndoneziya Nümayəndələr Palatası sədrinin müavini Aqus Ermando, Macarıstan Milli Assambleyasının sədrinin müavini Ksaba Hende, Monteneqro Parlamenti sədirinin müvini Gençi İmambequ, Polşa Senatı sədrinin müavini Adam Beyan, Serbiya Parlamenti sədrinin müavini Beloyu Arsiç, Özbəkistan Parlamenti Milli Məclisinin sədr müavini Sarvar Otomoratov xalqımıza təbriklərini çatdıraraq Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, dünyaya verdiyi mühüm töhfələrdən danışdılar.

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu,  Avstriya Milli Şurasının üzvü Varvara Kren, Böyük Britaniya Parlamentinin Azərbaycanla Dostluq Qrupunun rəhbəri Bob Bələkmən, Fransa-Azərbaycan Dostları Assosasiyasının prezidenti Jan Fransua Monsel, İordaniya Parlamentinin üzvü Fazil Davud, Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa da 100 il bundan əvvəl baş verən tarixi hadisədən, ölkələrimizin inkişaf edən ikitərəfli münasibətlərindən söz açdılar. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi xüsusi vurğulandı. İtaliya Deputatlar Palatasının üzvü Cavanni Russo, Litva Seyminin üzvü Rimanti Şalaşeviçskaya, Livan Milli Assambleyasının üzvü Əyyub Həmayadə, Malta Parlamentinin üzvü Biran Komilleri, Slovakiya Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Peter Marçe,    Sloveniya Milli Assambleyasının xarici əlaqələr komitəsinin sədri Matiyas Nemek, Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının üzvü Camal Məhəmməd əl Hay, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri  Sayyad Kərim, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi adından Camal Öztürk, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqınıən baş katibi Məhəmməd Kureyşi Niyaz, Əlcazair Parlamenti Sədrinin müavini Tarıbaş Abdurzak ölkəmizin dünyada və beynəlxalq qurumlarda artan rolundan danışdılar. Qeyd olundu ki, bu gün Azərbaycan dünyanın üzləşdiyi böyük çağırışların öhdəsindən uğurla gəlir. Sonda spiker Oqtay Əsədov parlamentin 100 illiyinə həsr olunan xüsusi iclasda iştirak etmək üçün ölkəmizə gələn qonaqlara bir daha təşəkkürünü bildirdi və iclası bağlı elan etdi.