İqtisadiyyat

İsmayıllıda toxunan xalçalar dünyaya səs salacaq

21-09-2018 | 15:46        

  

“Azərxalça”nın İsmayıllı filialının istifadəyə verilməsi rayonda yaşayan sənətkarlar üçün geniş imkanlar açıb. Əl işləri onlara gəlir gətirməklə yanaşı, xalçaçılıq ənənləri də yaşadılır.

İsmayıllıda xalçaçılığa maraq böyükdür. Yerli sənətkarların sayəsində əsrlərdir bu xalq tətbiqi sənət nümunəsi qorunub saxlanılır. Rayonda  istifadəyə verilən xalça fabriki isə xalçaçılığın inkişafında yeni imkanlar açıb. Tezliklə hər kəs yenidən Şirvan xalçalarının sehrinə düşəcək. Çünki burda toxunan xalılar sıxlığı, rəng çalarları ilə digərlərindən seçilir.

İsmayıllıda təmiz yundan öz zərifliyi ilə seçilən “Heyratı”, “Pirəbədil”, “Xiləfsan”, “Xırdagül”, “Qollu-Çiçi”, “Ağgül”, ipək sapdan isə “Umud”, “Xəzan”, “Sarıçiçək” və “Buta” xalça növləri toxunur. Hər birinin də zəngin rəng tonları var. Fabrikdə işləyən xanımlar təbiətdə olan  gözəllikləri  ilmələrə sevə-sevə köçürürlər. Xalçaçılıq sənəti onların həm də əsas gəlir mənbəyidir. Zəkiyyə Fətullayeva deyir ki, bu sahəyə dövlət səviyyəsində diqqətin artırılması xalçaçıları sevimli işlərinə daha da həvəsləndirib.

“Azərxalça”nın İsmayıllı filialının toxuculuq emalatxanasında hazırda 85 xalçaçı çalışır. Onlar üçün emalatxanada 43 dəzgah quraşdırılıb. Qədim el sənətini yaşadan xanımlar iş prosesində orijinal Şirvan xalça çeşnilərinə üstünlük verirlər.

İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikiləcək. Dövlət başçısı emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb. “Azərxalça”nın digər bölgələrdə də filialları yaradılacaq. Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında “Yunəyirici - boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası da davam etdirilir. Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında isə xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Deməli milli xalça sənətimiz artıq öz inkişafının yeni mərhələsini yaşayır. Azərbaycan xalçası dünyada bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidə hesab olunur. 10 ilə yaxındır bu sənət nümunəsi UNESCO-nun qeyri maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.  Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də daha geniş miqyasda tanınır. Nəticədə dünya əsrarəngiz el sənətimizin sehrinə düşür.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR