Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

21-09-2018 | 11:07        

  

Aİ Böyük Britaniya baş nazirinin “Breksit” planını qəbul etməyib

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı baş nazir Tereza Meyin planı ittifaqa üzv ölkələr tərəfindən qəbul edilə bilməz. Çünki, bu, vahid Avropa bazarını sarsıda bilər. Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avstriyanın Zalsburq şəhərində keçirilmiş sammitin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə Tereza Meyin Avropa İttifaqı ilə yeni iqtisadi tərəfdaşlığa dair təklifləri özünü doğrultmayacaq. Plan əsas etibarı ilə “Breksit”dən sonra Avropa İttifaqı və Britaniya arasında ümumi ticarət qaydalarının tətbiqini nəzərdə tutur. Donald Tuskun sözlərinə görə Tereza Meyin təklifləri Avropa İttifaqının digər üzvlərini ilk növbədə iqtisadi səbəblərə görə qane etmir. Fransa Prezidenti Emmanuel Makron da baş nazir Tereza Meyin “Breksit” planının qəbuledilməz olduğunu və oktyabrda Britaniyadan yeni təkliflər gözlədiyini söyləyib.

Merilend ştatında silahlı insident nəticəsində 3 nəfər ölüb, 3 adam yaralanıb

ABŞ-ın Merilend ştatının Aberdin şəhərində silahlı insident baş verib. Harford dairəsində “Rite Aid” apteklər şəbəkəsinin anbarında silahlı qadının atəş açması nəticəsində 3 nəfər ölüb, daha 3 adam yaralanıb. İnsidenti törədən qadının 26 yaşlı Snoçia Mosli olduğu bildirilir. O, adıçəkilən müəssisənin əməkdaşı olub. Özünə yetirdiyi xəsarət nəticəsində Snoçia Mosli xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanları onun təkbaşına hərəkət etdiyi qənaətindədir. Silahlı insidentin motivləri hələ ki məlum deyil. Faktla bağlı araşdırmalar davam edir. Nyu-York ştatının Sirakyuz şəhərində də silahlı insident baş verib. Fərdi evlərdən birində yas mərasimi zamanı baş verən atışma nəticəsində 1-i azyaşlı qız olmaqla 5 nəfər yaralanıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Viktoriya gölündə bərənin çevrilməsi nəticəsində 44 nəfər ölüb, 200-dən çox adam itkin düşüb

Tanzaniyada  göyərtəsində yüzlərlə adamın olduğu bərə çevrilib. Viktoriya gölündə baş verən qəza nəticəsində azı 44 nəfər həlak olub. 200-dən çox adamın itkin düşdüyü bildirilir.  100-dək sərnişini xilas etmək mümkün olub. Onlardan 32-nin vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatlarına sakinlər də qoşulublar. Qeyd edək ki, Afrikanın ən böyük gölü olan Viktoriyada qayıq qəzaları vaxtaşırı olaraq qeydə alınır. 1996-cı ildə bərənin batması nəticəsində 800-dən çox adam həlak olmuşdu. Bu, eyni zamanda tələfat göstəricisinə görə ötən əsrin  ən ağır  qəzalarından biri idi.

Sebu adasında torpaq sürüşməsi 22 nəfərin ölümünə səbəb olub

Filippinin Sebu adasında leysanın səbəb olduğu torpaq sürüşməsi azı 22 nəfərin ölümünə səbəb olub. Naqa şəhərində baş verən təbii fəlakət nəticəsində 50-ə yaxın adam itkin düşüb. 60-dan çox evin dağıldığı bildirilir. Fəlakət zonasıbda axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatlara 200 polis, yanğınsöndürən və mütəxəssis cəlb olunub. Xatırladaq ki, bir neçə gün əvvəl Filippinin Luson adasında tüğyan edən “Manqxut” qasırğası 88 nəfərin həyatına son qoymuş, kənd  təsərrüfatına 250 milyon dollardan çox ziyan vurmuşdu. Meksikanın şimal-qərbində leysanla müşayiət edilən qasırğa  daşqınlara səbəb olub. Təbii fəlakətdən ən çox Sinaloa ştatı ziyan çəkib. Ştatda çaylar məcrasından çıxıb. Kulyakan şəhərində avtomobil yolları su altında qalıb. Onlarla insan təhlükəsizlik tədbirləri çərçivəsində müvəqqəti dürşərgələrə köçürülüb. Fəlakət zonalarına xilasetmə briqadaları cəlb edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR