İqtisadiyyat

Yaxın günlərdə Lucounda “Azərbaycan Ticarət Evi” açılacaq

21-09-2018 | 10:39        

  

Yaxın günlərdə daha bir ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq. Bu dəfə Çinin Lucou şəhərində. Sıçuan vilayətində keçirilən sərgidə 17-ci Qərbi Çin Beynəlxalq Sərgisində artıq təqdimat olub.

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə keçirilən17-ci Qərbi Çin Beynəlxalq Sərgisi əhəmiyyətinə görə Çində ilk onluğa daxildir. Sərginin açılış mərasimində çıxış edən bu ölkənin baş nazirinin müavini Xu Çunxua bildirdi ki, sərginin əsas məqsədi “Bir kəmər, bir yol” strategiyasının icrasına dəstək vermək, regional inkişafı təşviq etməkdir. Tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyəti Sıçuan vilayətinin liman şəhərlərindən olan Lucounun pavilyonu ilə tanış oldular. Yaxın günlərdə Lucounda “Azərbaycan Ticarət Evi” açılacaq ki, şəhərin sərgidəki pavilyonunda da həmin ticarət evinə dair videoçarxlar nümayiş etdirilir. Bundan başqa, pavilyonda “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, habelə ölkəmizə dair suvenirlər sərgilənir. Lucou pavilyonunu ziyarət edənlərə “Azərbaycan Ticarət Evi”, ölkəmizdə istehsal edilən keyfiyyətli məhsullar, biznes və sərmayə mühiti, logistika və turizm potensialı, xalqımızın zəngin mədəniyyəti barədə məlumat verilir.

Nümayəndə heyətinin Sıçuan vilayətinin vitse-qubernatoru Pen Yusin ilə görüşündə qeyd olundu ki, dövlət başçılarının siyasi iradəsi ilə ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bildirildi ki, son illər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində fəallıq müşahidə olunur. Əməkdaşlığa dair müxtəlif sənədlərin imzalanması, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycandan Çinə ixrac missiyalarının təşkili, Çində Azərbaycanın ticarət nümayəndəliyinin, habelə Şərab Evinin açılması kimi tədbirlə buna nümunədir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın tranzit-logistika imkanları, o cümlədən Bakı-Tbilisi Qars dəmir yolu layihəsinin də daxil olduğu Transxəzər nəqliyyat dəhlizi barədə məlumat verərək dedi ki, Çindən yüklərin Avropaya və ya əks istiqamətdə qısa müddətdə daşınması işində bu potensialdan istifadə hər iki tərəf üçün faydalı olacaq. Sıçuan vilayətinin vitse-qubernatoru 2008-ci ildə dağıdıcı zəlzələdən sonra vilayətdə orta məktəb binasının inşasına Azərbaycanın göstərdiyi maddi yardımı məmnunluqla xatırladı. Lucou şəhərinin meri Liu Çian ilə görüşdə də tarixi İpək yolu üzərində yerləşən Azərbaycanın müasir dövrdə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi rolunu oynadığı vurğulandı. Yaxın günlərdə şəhərdə açılacaq “Azərbaycan Ticarət Evi”nin iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Azərbaycanın tanıdılmasına, mədəni və turizm sahəsində əməkdaşlığa da müsbət təsir edəcəyinə əminlik ifadə olundu.