Cəmiyyət

4 Noyabr - YUNESKO-nun rəsmi fəaliyyətə başladığı gündür

04-11-2011 | 11:50        

  

4 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun rəsmi fəaliyyətə başladığı gündür. Prezident Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. 15 sentyabr 2005-ci il tarixdə Prezidenti İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu gün Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun məxsusi xidmətləri var.

YUNESKO 1946-cı ildə 20 üzv dövlətlə rəsmi fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəldilib. Hazırda 193 dövlət, o cümlədən Azərbaycan YUNESKO-nun üzvüdür. İndiyədək təşkilatla elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanıb, tədbirlər həyata keçirilib.

Azərbaycan-YUNESKO münasibətlərinin inkişafı və möhkəmlənməsində Heydər Əliyev Fondunun, Fondun Prezidenti Mehriban xanım Əliyevanın məxsusi xidmətləri var. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs siyahısına salınıb. İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan Ümumdünya İrsi siyahısından çıxarılıb. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısında özünə yer alıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilib. Azərbaycanda Beynəlxalq Muğam festivalları keçirilib. 2009-cu ildə 1-ci Beynəlxalq Muğam festivalının keçirilməsi münasibətilə YUNESKO-nun o zamankı Baş Direktoru Koişiro Matsuura ölkəmizə səfər edib. Səfəri çərçivəsində Bakıda Müasir İncəsənət muzeyinin açılış mərasiminə və Novruz bayramı şənliklərinə də qatılıb.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd ediliməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər. Füzulinin 500 illik, Kitabi-Dədə Qorqud dastanın 1300 illik, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, “Leyli və Məcnun” operasının ilk tamaşasının, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər YUNESKO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Azərbaycanın gənc istedadları - Dövlət Gənclər Simfonik Orkestri və Uşaq xoru - “Azərbaycanın xoşməramlı mələkləri” də dəfələrlə YUNESKO-nun iqamətgahında çıxış ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşən bütün bu tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini nümayiş etdirməklə yanaşı, ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından da böyük önəm daşıyır.

YUNESKO ilə Azərbaycan arasında elm təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilib.

2010-cu iyulunda isə YUNESKO-nun Baş Direktoru İrina Bokova Azərbaycana səfər edib, Qəbələdə 2-ci Beynəlxalq Musiqi Festivalında iştirak edib, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalı təqdim edib. 

Azərbaycan-YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. 2011-ci il oktyabrında YUNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın 36-cı sessiyası keçirildi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib, sessiya çərçivəsində “YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda çıxış edib. 36-cı sessiyada Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib. Bu, müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycanda bütün sahələrdə gedən inkişafın və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəımizlə qurum arasında yaranan əlaqələrin bariz göstəricisidir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR