Siyasət

“Opinion Internationale”: “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır”

21-09-2018 | 10:36        

  

Fransanın “Opinion Internationale” portalında “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır” başlıqlı məqalə yerləşdirilib. Yazıda qeyd edilir ki, beynəlxalq hüquq normalarının pozulması regional təhlükəsizlik və sabitlik üçün təhdid yaradır.

Fransanın “Opinion Internationale” portalında yer alan məqalədə Azərbaycanın davamlı inkişaf edən ölkə olduğu vurğulanır. Azərbaycanda müxtəlif dini konfessiyaların və millətlərin nümayəndələrinə bərabər imkanların yaradıldığı və onların bütün hüquqlardan yararlandığı diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycanı daha çox narahat edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa riayət edilməməsidir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, beynəlxalq qətnamələrdə Azərbaycanın tarixi ərazılərinin işğalı dəfələrlə pislənilib. Qeyd edilir ki, yüzilliklər ərzində müxtəlif regionlardan köçürülmələr nəticəsində etnik disbalansa məruz qalan Dağlıq Qarabağda Ermənistanın dəstəyi ilə separatçı rejim fəaliyyət göstərsə də, bu ərazilər beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələrində Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb edilir. Ancaq bu qətnamələr hələ də tətbiq edilməyib. Məqalədə bildirilir ki, Azərbaycanın təkcə Dağlıq Qarabağ regionu deyil, həmçinin onun ətrafındakı 7 rayon da işğala məruz qalıb. İşğal altında olan ərazilərdə etnik təmizləmə aparılıb. Vurğulanır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında qalması, beynəlxalq hüquq normalarının pozulması regional təhlükəsizlik və sabitlik üçün təhdid yaradır. Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınan əhalinin öz doğma evlərinə qayıtması kimi ayrılmaz hüququ bu müddət ərzində tapdalanır.