Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

20-09-2018 | 11:10        

  

Zalsburqda Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi sammiti keçirilir

Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi sammiti keçirilir. Sammitin əsas müzakirə mövzuları daxili təhlükəsizlik, miqrasiya problemi və Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələləridir. “Breksit” danışıqlarının razılaşma ilə nəticələnməsinə dair rəsmi Londonla Brüssel arasında fikir ayrılıqları hələ də qalmaqdadır. Danışıqlarda əsas mübahisə doğuran məsələ İrlandiya sərhədi ilə bağlıdır. Avropa İttifaqı ölkələrinin liderlərini “Breksit” məsələsində güzəştə getməyə çağıran Britaniyanın baş naziri Tereza Mey ölkəsinin də danışıqlarda kompromislərə hazır olduğunu bəyan edib. Hökumət başçısı qeyd edib ki, təkcə Britaniya deyil, Avropa İttifaqı da yaxşı razılaşmanın əldə olunmasında maraqlıdır. Tereza Mey həmçinin Avropa İttifaqı liderlərini əsas diqqəti qarşıdakı 2 ay ərzində “Breksit”ə dair razılaşmanın əldə olunmasına yönəltməyə çağırıb. Baş nazir danışıqların uzadılmayacağını bildirib. Miqrasiya məsələsində də sammit iştirakçıları arasında fikir ayrılıqları qalmaqdadır. Son vaxtlar Avropa ölkələrinə miqrant axını azalsa da, üzv ölkələr miqrantlarla bağlı problemlərin həllində ümumi mövqedən çıxış edə bilmir.

Moria miqrant düşərgəsində acınacaqlı yaşayış şəraiti ilə bağlı narahatlıqlar artır

Yunanıstanın Lesbos adasında yerləşən Moria miqrant düşərgəsində acınacaqlı yaşayış şəraiti ilə bağlı narahatlıqlar getdikcə daha da artır. Hüquq müdafiə təşkilatları yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalır. Düşərgə 3200 miqrant üçün nəzərdə tutulsa da, burada pis şəraitdə yaşayanların faktiki sayı 9000 nəfərdir. Antisanitar vəziyyətlə yanaşı, Moria düşərgəsində mütəmadi olaraq toqquşmalar da baş verir. Hüquq müdafiəçiləri intihar cəhdləri, xüsusilə də uşaqlara qarşı zorakılıq hallarının artmasından narahatdırlar. “Sərhədsiz həkimlər” təşkilatının yaydığı bəyanata görə hər həftə miqrant düşərgəsində intihara cəhd halları qeydə alınır. Tibbi yardımın miqrantlar üçün əlçatmaz olması uşaqlar və digər həssas qruplardan olan insanların müdafiəsində boşluqlar olduğunu göstərir. Düşərgənin əksər sakinləri buradakı şəraiti həbsxana ilə müqayisə edirlər. Beynəlxalq ictimaiyyətin təzyiqi altında Yunanıstan hökuməti bu ay 2 000 miqrantı Lesbos adasından köçürməyə razılıq verib. Lakin yunan adalarına yeni gələn miqrantların sayı azalmadığından bu addımın yetərli olmayacağı gözlənilir.

Lissabonda taksi sürücüləri tətil keçiriblər

Portuqaliyanın paytaxtı Lissabonda yüzlərlə taksi sürücüsü tətil keçirib. Onlar internet sifarişi ilə sərnişindaşıma şirkətlərinin işinin nizamlanmasına dair qanun layihəsinə etiraz ediblər. Etiraz aksiyasına İspaniyadan da taksi sürücüləri qoşulub. Onlar portuqaliyalı həmkarlarına dəstək ifadə ediblər. Aksiyaçılar yeni qanunun ədalətli rəqabət şərtlərini pozduğunu bildiriblər. Belə ki, sənədə əsasən  taksi sürücülərindən fərqli olaraq internet sifarişi ilə sərnişindaşıma xidmətlərinə kvotalar sistemi tətbiq edilməyəcək. Tərəflər üçün iki müxtəlif hüquq və vergi sistemi yaradılacaq. Bir neçə ay davam edən müzakirələrdən sonra yeni qanun  noyabrın 1-dən qüvvəyə minməlidir.

Qasırğa 2 nəfərin həyatına son qoyub, 200 000-dən çox ev elektrik enerjisiz qalıb

Böyük Britaniya və İrlandiyada güclü qasırğa insan tələfatı və dağıntılara səbəb olub. İrlandiya və Şimali İrlandiyada azı 2 nəfərin öldüyü bildirilir. Qasırğa nəticəsində bir neçə nəfər xəsarət alıb. Sürəti saatda 165 kilometrə çatan güclü külək ağacları kökündən qoparıb, yük avtomobillərini aşırıb. Böyük Britaniya və İrlandiyada 200 000-dən çox ev elektrik enerjisiz qalıb. Məktəblər bağlanıb. İngiltərənin şimalı, Şotlandiyanın cənubu və Şimali İrlandiyada qasırğa ilə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib. Dublin hava limanında onlarla aviareys təxirə salınıb. İctimai və dəmiryol nəqliyyatının hərəkəti iflic olub.