İqtisadiyyat

24 il əvvəl Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrilən “Əsrin müqaviləsi” imzalandı

20-09-2018 | 10:08        

  

Düz 24 il öncə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrilən “Əsrin müqaviləsi” imzalandı. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində araya-ərsəyə gələn bu müqavilə elə o gündən etibarən ölkəmizin hərtərəfli və uğurlu inkişafına yaşıl işıq yandırdı...

1994-cü il sentyabrın 20-də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Norveç və Səudiyyə Ərəbistanının 11 transmilli şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” həyata rəsmən vəsiqə qazandı. Ötən müddətdə bu yataqlar blokundan çıxarıla bilən ehtiyatlar 2 dəfə artırılaraq 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

Məntiqi, ardıcıl və gərgin zəhmət mütləq bəhrəsini verir. Bu baxımdan 1997-ci il noyabr ayının 7-də “Əsrin müqaviləsi” çərçivəsində ilk quyudan neftin fontan vurduğu gün Heydər Əliyev dühasının növbəti təcəssümü oldu. Hazırda “Çıraq” , “Azəri” yataqlarında və “Günəşli” yatağının dərin sulu hissəsində 76 hasilat quyusundan ayda orta hesabla 2,6 milyon tona qədər neft və 1,5 milyard kubmetr səmt qazı hasil olunur. “Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində Səngəçal terminalında aparılan hərtərəfli genişləndirmə işləri isə bu nəhəng kompleksin Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artırır və ölkəmizin ixrac imkanlarını qat-qat genişləndirir.

Ümumilikdə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları 4,2 milyard ton, proqnozlaşdırılan karbohidrogen ehtiyatları isə 10 milyard ton həcmindədir. Hazırda “Azəri”, “Çiraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsi , eləcədə, digər silsilə layihələr uğurla icra olunur. Bu müvəffəqiyyət zəngin təcrübəyə, müasir texnologiyalara, hərtərəfli infrastruktura, böyük miqdarda investisiyalara, layihənin peşəkarcasına əlaqələndirilməsinə və yerli işçi qüvvəsinin potensialına əsaslanır. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılmasında Xəzər dənizində ilk dəfə nadir texnologiyaların tətbiqi də mühüm rol oynayır.

Hər birinin ötürücülük gücü ildə 6 milyon tona çatan Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri Azərbaycan neftinin müxtəlif istiqamətlərə nəqlinə alternativ imkanlar açır. Əlbəttə, ölkəmizin qara qızılının nəqli sisteminin başlıca arteriyasını Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri təşkil edir. 2006-cı ildən istismarda olan 1769 kilometr uzunluğunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Avrasiya regionunda ən iri neft kəmərlərindən biridir.

Ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağı hazırda dünyada ən iri qaz-kondensat yataqlarından biri sayılır. 2006-cı ildən etibarən bu yataqdan çıxarılan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometrə çatan və ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə  Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstan və Türkiyəyə ixrac olunur...

Azərbaycan beynəlxalq şəffaflıq təşəbbüsünün ən fəal tərəfdarlarından biri kimi də dünyada böyük nüfuza malikdir. Prezident İlham Əliyevin tapşrıqlarına uyğun həyata keçirilən  məqsədyönlü tədbirlər hesabına hazırda  Azərbaycan Dövlət Neft Şirkəti modern, çevik və rəqabətədavamlı beynəlxalq səviyyəli şirkət kimi tanınır. Ölkəmizin xaricdə ən böyük məbləğdə investisya qoyduğu  Türkiyənin nəhəng “Petkim” şirkəti artıq SOKAR-ın idarəçiliyindədir. Bundan başqa respublikamızın neft-qaz sektorunda silsilə nailiyyətlər qazanan Azərbaycan Dövlət Neft Şirkəti İsveçrə, Ukrayna, Rumıniya və digər Avropa  ölkələrinin pərakəndə yanacaq satışı bazarlarına da inamla daxil olub.

Ümumilikdə, 1994-cü ildən bəri Azəri-Çıraq-Günəşli yatağının tammiqyaslı işlənməsi, Şahdəniz-1 mərhələsi, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz  Boru Kəməri layihələri çərçivəsində 50 milyard dollara qədər investisiya qoyulub. Vaxtilə təbii qaz idxal edən Azərbaycanın əsas mavi yanacaq ixracatçılarından birinə çevrilməsi də ulu öndərin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin növbəti qələbəsi və “Əsrin müqaviləsi”nin mühüm töhfələrindəndir.

2015-ci ilin yazında Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində daha bir mühüm layihənin - “Trans-Adriatik” qaz boru kəmərinin təməlqoyma mərasimi oldu.

2017-ci il mayın 18-də Azərbaycanın neft sənayesinin tarxində növbəti tarixi hadisə baş verdi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirildi. Həmin layihənin icrasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti xəttilə 1 milyard dollara qədər vəsait qoyulub. Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə bənzərsizliyi ilə seçilən  bu qurğunun çəkisi 26 min tondur.

2017-ci ildə SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun açılışı oldu. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut edir. Müxtəlif rəsmi sənədlərdə, o cümlədən, 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur.

2017-ci il sentyabrın 14-də Azərbaycanın neft sənayesi tarixində daha bir əlamətdar hadisə baş verdi. Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Həmin sazişin müddəti 2050-ci ilə qədər uzadıldı...

2017-ci il noyabr ayının 8-i də respublikamızın həyatında  ən əlamətdar günlərindən biri kimi tarixə düşdü. Həmin gün Azərbaycanda 2 milyardıncı ton neft hasil olundu.  Bu qədər qara qızılın 700 milyon tonu müstəqillik illərində, o cümlədən, 460 milyon tonu “Əsrin müqaviləsi” çərçivəsində son 20 ildə çıxarılıb. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 24-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirakı ölkəmizin bu sahədə də kəsərli söz sahibi olmasının və beynəlxalq nüfuzunun növbəti əyani nümunəsi kimi dəyərləndirlilməlidir.

21-ci əsrin layihəsi statusunu qazanmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında 2018-сi il mühüm irəliləyişlərlə yadda qaldı. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü toplantısı da bu formatın mükəmməlliyini, səmərəliliyini və yaxşı nəticələrə yol açdığını bir daha təsdiqlədi. 2018-ci il mayın 29-u da əlamətdar günlərdən biri kimi tarixə düşdü. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə üst-üstə düşdü. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək Azərbaycanda aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadratkilometr ərazini əhatə edir və onun ilkin geoloji qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qaz Cənub Qaz Dəhlizi ilə ötürüləcək. Qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. Türkiyəyə ilk qaz 2018-ci ildə, Avropaya isə 2020-ci ildə çatacaq. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını tarixi gün kimi dəyərləndirdi.

Ölkəmiz üçün daha bir mühüm və əlamətdar hadisə 2018-ci ilin iyun ayına təsadüf etdi.  İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

Yaxın 2 il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə 40 milyard dollardan çox sərmayə yatırılacaq Cənub Qaz Dəhlizi bütövlükdə icra olunacaq. Bu tarixi nailiyyət isə Azərbaycana zəngin qaz ehtiyatlarını Türkiyə və Avropa bazarlarına təhlükəsiz və şaxələndirmiş qaydada çatdırmağa hərtərəfli imkan yaradacaq.

Prezident İlham Əliyevin ümummilli liderin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan yenidən dünyanın neft-qaz biznesinin beşiyinə çevrilməkdə, tarixi ənənəyə uyğun  halal haqqını özünə qaytarmaqdadır. “Əsrin müqaviləsi” ildən-ilə şaxələnərək artıq Xəzər, Qara və Baltik dənizi məkanını əhatə edir. Ötən illərin təcrübəsi göstərir ki, zaman ötdükcə Azərbaycan planetin ən perspektivli ölkələrindən birinə, “Əsrin müqaviləsi”   isə tədricən “Minilliyin müqaviləsi”nə çevrilməkdədir...

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR