Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda səfərdədir

03-11-2011 | 17:33        

  

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun dəvəti ilə Nyu-Yorkda səfərdədir Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə edib. Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda yerləşən “Metropolitan” incəsənət muzeyində olub. Muzeyin islam mədəniyyəti üzrə baş tədqiqatçısı Məryəm İxtiyar Leyla Əliyevaya uzunmüddətli bərpadan sonra noyabrın 1-də yenidən açılan “İslam dünyasının incəsənəti” adlı sərgi barədə məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti muzeydə “Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti”nin min ildən çox tarixini təmsil edən 1200 eksponatın sərgiləndiyi yeni qalereyalarla tanış olub. Söhbət zamanı “Metropolitan” muzeyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib, burada Azərbaycan incəsənətinin daha yaxşı təmsil olunması barədə fikir mübadiləsi aparılıb.

Həmin gün Leyla Əliyeva Nyu-Yorkda yaşayan həmvətənimiz, “Noviy Rubej” qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşüb. Nobert Yevdayev Leyla Əliyevaya təşəkkürünü bildirərək ona Azərbaycanın incəsənət muzeylərinə çatdırılması üçün şəxsi kolleksiyasından iki rəsm əsəri hədiyyə edib. “Analıq” və “Abstrakt kompozisiya” adlı əsərlərin müəllifi əslən bakılı olan amerikalı rəssam Nahum Çakbazovdur. Hər iki əsər 1945-46-cı illərdə işlənilib. Nahum Çakbazovun əsərləri “Metropolitan” incəsənət muzeyi, Müasir incəsənət muzeyi, Pennsilvaniya İncəsənət Akademiyası və Amerikanın digər nüfuzlu incəsənət ocaqlarının kolleksiyalarına daxildir. Nobert Yevdayev bildirib ki, bu əsərləri Azərbaycana hədiyyə etməkdə məqsədi Amerikada yaşayan həmvətənimizin rəssam kimi Birləşmiş Ştatlarda nə qədər uğur qazandığını diqqətə çatdırmaqdır. “Analıq” əsəri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin, “Abstrakt kompozisiya” isə Müasir İncəsənət Muzeyinin kolleksiyalarında nümayiş olunacaq.

Qeyd edək ki, noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu “İnterview” jurnalının redaksiyasında olub. Görüşdə “Brant Publications, Inc.” şirkətinin rəhbəri Piter Brant və “İnterview” jurnalının redaktoru Kristofer Bollen iştirak ediblər. Piter Brant Leyla Əliyevanı jurnalın tarixi və əhatə etdiyi əsas mövzularla ətraflı tanış edib. Leyla Əliyeva isə “İnterview” jurnalının yaradıcı heyətini Azərbaycanla daha yaxından maraqlanmağa dəvət edib və əmin olduğunu bildirib ki, populyar jurnalın oxucuları Azərbaycanda incəsənət, musiqi və moda aləmindən kifayət qədər yeni məlumat və maraqlı xəbərlər tapa biləcəklər.
Onu da deyək ki, 1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüsseri Endi Vorhol tərəfindən təsis edilən “İnterview” jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları ilə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR