Mədəniyyət

“Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının təqdimat mərasimi keçirilib

03-11-2011 | 16:52        

  

 “Azər-İlmə” xalça qaleyeyasında “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə hökumət nümayəndləri, milli məclisin üzvləri, mədəniyyət və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yeni Azərbaycan Partiyası, AMEA Tarix institutu və Azər İlmənin təşkilatçılığı ilə hazırlanan “Azərbaycan xalçaları İrəvan qrupu” kitabında bu bölgəni əhatə edən 102 xalça nümunəsi toplanıb. Kitabda toplanan xalçalar, əsasən XIX-XX əsrləri əhatə edir.  Prezident İlham Əliyevin müasir Ermənistan ərazisinin Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti bütün dünyaya bəyan edən konseptual fikri ilə başlayan “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabı dövlətimizin və dövlətçilik tariximizin, tarixi torpaqlarımızın, o cümlədən itirilmiş yurd yerlərimizin, zəngin mədəniyyət və xalçaçılıq sənəti tariximizin öyrənilməsi işinə çox mühüm töhfədir. Kitab saxtakarlıq və oğurluq yolu ilə Azərbaycan mədəniyyət inciləri hesabına özünə dırnaqarası mədəniyyət yaratmağa çalışan erməni qəsbkarlarına zərbədir.

“Azərbaycan xalçaları İrəvan qrupu” kitabının təqdimat mərasimində çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bu əsərin mədəniyyət abidələrimizin qorunması işində mühüm rol oynaması ilə yanaşı tarixi həqiqətin bərpa olunmasında və təbliğində əhəmiyyətli olacağına əminliyini bildirib.

Kitabın tarix hissəsinin müəllifi, AMEA-nın Tarix institunun direktoru, professor Yaqub Mahmudov tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycanda yaradılmış xalçaçılıq nümunələrinin azərbaycanlıların Ermənistandan deportasiyasından sonra da davam etdirməsini Qərbi azərbaycanlıların tarixi ənənələri, o cümlədən xalçaçılıq sənətini layiqincə yaşatmasını onların dədə-baba torpaqlarına qayıtmaq arzusunun bir daha yenilməz təsdiqi kimi dəyərləndirib. 6 dildə nəşr olunan kitabda İrəvan ərazisinin bütün bölgələrinə aid xalçaçılıq nümunələrinin əks olunduğunu deyib.

Kitabın müəllifi professor Vidadi Muradov “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabının konkret faktlar və maddi dəlillər, o cümlədən xalçaçılıq məmulatları əsasında hazırlandığını deyib. Bu kitabın ölkəmizdə xalçaçılığın inkişafına yönələn siyasətin real nümunəsi olduğunu bildirərək, Azərbaycan mədəniyyətin  inkişafında dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban Əliyevanın böyük rolu olduğunu vurğulayıb.

Akademik Bəkir Nəbiyev kitabın mühüm tarixi əhəmiyyətə malik olduğunu deyib. Əsərin mahiyyətinin indiki Ermənistan ərazisinin və orada yaradılan zəngin tarixi mədəniyyətin gəlmə ermənilərə deyil, Azərbaycan xalqına məxsus olmasının sübut edilməsinə yönəldiyini qeyd edib. Sonra Qərbi Azərbaycanın, tarixini, maddi-maddi mədəniyyət abidələri və məişətinə həsr olunan film nümayiş olunub.