Siyasət

Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri Milli Məclisin sədri ilə görüşüblər

03-11-2011 | 16:47        

  

Ölkəmizdə səfərdə olan Qazaxıstan,  Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər.Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq əlaqələr komissiyasının ilk toplantısında iştirak etmək üçün Azərbaycana gələn Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin üzvlərini salamlayan Milli Məclisin sədri Oqtay Əsədov TÜRKPA-nın ötən tarixinə nəzər salıb. Bildirib ki, ötən iki ildə qurum sürətlə beynəlxalq aləmə inteqrasiya edib. Artıq bir neçə nüfuzlu təşkilatın tədbirlərində müşahidəçi və qonaq qismində iştirak edir. Komissiyanın imkanlarından danışan spiker uğurlu fəaliyyət nəticəsində TÜRKPA-nın güclü təşkilata çevriləcəyinə ümidvar olduğunu söyləyib. Türkiyə Böyük Millət Məclisinin üzvü Muharrem İnce və Qazaxıstan Parlamenti Məclisinin üzvü Valihan Konurbayev rəsmi Bakının komissiyanın ilk iclasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq ölkəmizin son illərdə siyasi, iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıblar. Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibəti ilə təbrik edərək bildiriblər ki, bu bütünlükdə türkdilli ölkələrin təmsilçiliyi deməkdir.