Xarici xəbərlər

Meksikada narkotik qaçaqmalçıları qeyri-adi üsula əl atıblar

28-01-2011 | 15:50        

  

Amerika Birləşmiş Ştatlarları hərbçiləri Meksika ilə sərhəddə narkotik qaçaqmalçılarına qarşı aparılan əməliyyatda qeyri-adi hadisəylə qarşılaşıblar. Cinayətkarlar sərhəddən narkotik maddəni qədim dövrlərdə istifadə olunan katapulta vasitəsilə keçirməyə cəhd ediblər.

Amerika hərbçiləri qeyri-qanuni yolla Birləşmiş Ştatlara narkotik keçirən cinayətkar qrupu zərərsizləşdirirkən gözlənilməz hadisənin şahidi olublar. Qaçaqmalçılar narkotik maddələri indi yalnız muzeylərdə saxlanılan katapultalar vasitəsilə keçirməyə cəhd göstəriblər. Arizona ştatının Nako sərhəd məntəqəsində hərbçilər bir neçə şübhəli şəxsi müşahidə ediblər. Şübhəlilər sərhəddən katapulta ilə paketlər atmağa başlayıblar. Amerikalı hərbçilər meksikalı həmkarlarına bu hadisə ilə bağlı dərhal məlumat veriblər. Meksikalı sərhədçilərin yaxınlaşdığını görən cinayətkarlar isə  avtomobil və ona qoşulan katapultanı ərazidə qoyaraq qaçıblar. İçərisində marixuana olan paketlər də hadisə yerində qalıb. Ümumilikdə, hərbçilər hər biri 2 kiloqram çəkidə olan 8 marixuana paketi aşkarlayıblar.