Cəmiyyət

Yeni tədris ilinin başlanılması ilə əlaqədar bir sıra ali təhsil müəssisələrində tədbirlər keçirilib

14-09-2018 | 14:39        

  

Bu il Prezident təqaüdünə layiq görülən gənclərdən 26-sı Bakı Ali Neft Məktəbinin tələbəsidir. Bu barədə 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə ali təhsil ocağının rektoru Elmar Qasımov məlumat verib. Məktəbin uğurlardan danışan rektor diqqətə çatdırıb ki, birinci qrup üzrə qəbul imtahanlarında 700 bal toplayan 13 nəfərin hamısı bu tədris ocağını seçib. Ən yüksək keçid balı informasiya təhlükəsizliyi ixtisasına olub. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə kadr hazırlığı sahəsində həyata keçirilən layihələrdən, Bakı Ali Neft məktəbinin məzunlarının “Socar”ın müəssisələrində işlə təmin edildiyini dedi. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT baş katibinin müavini, qurumun Təlim və Tədqiqat İnstitutunun icraçı direktoru Nikhil Set, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli təhsil ocağının uğurlarından danışıblar. Ali Məktəbə qəbul olunan gənclərə tələbə biletləri təqdim edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunan tələbələr üçün tanışlıq günü keçirilib. Gənclərə tədris proqramları, tyutor xidməti, həmçinin karyera mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Qeyd edək ki, bu il ali məktəbi seçən 4739 gəncdən 347-si 600 və daha yüksək nəticə göstərib. 1 nəfər isə 700 toplayıb.