Cəmiyyət

“Bilik günü”ndə 10 ənənəvi və 60 modul tipli məktəb istifadəyə veriləcək

14-09-2018 | 13:28        

  

Sabah ölkəmizdə yeni dərs ilinə başlanılacaq. 10 ənənəvi və 60 modul tipli məktəb “Bilik günü”ndə istifadəyə veriləcək. 40-a yaxın məktəb isə əsaslı təmir olunub.

Dövlət başçısının tapşırıqlarına əsasən, son illər tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil müəsissələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Onlardan biri də ümumtəhsil müəssisələrinin əsaslı təmiri və ya şagird sıxlığı olan məktəblər üçün yeni tədris korpuslarının tikintisidir. Təkcə bu il Təhsil Nazirliyinin sifarişi ilə 16 yeni məktəb binasının inşası, 137 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulur. “Bilik günü”ndə 10 ənənəvi, həmçinin 60 modul tipli məktəb istifadəyə veriləcək. İlin sonunadək isə daha 6 məktəbin və 77 modul tipli təhsil müəsissəsinin tikintisi başa çatacaq. 

Yeni təmir olunan təhsil müəssisəsindən biri də Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 5 saylı orta məktəbdir. Müasir tələblər səviyyəsində tikilən 1200 şagird yerlik məktəb 5 korpusdan ibarətdir. Akt və idman zalları, müasir kitabxanası olan məktəbdə 6 laboratoriya, 6 informatika otağı var. Məktəb müasir isitimə və havalandırma sistemi ilə təmin edilib. Binəqədi rayonu “28 may qəsəbəsi”ndə tikilən 306 saylı məktəb isə 3 korpusdan ibarətdir. Şagirdlərin elmi biliklərə yiyələnməsi, idman yarışları və ədəbi-bədii tədbirlərin keçirilməsi üçün zəruri şərait yaradılıb. Məktəbin sinif otaqları, labarototiyaları, kitabxanası lazımi inventarla təmin edilib. Bu tədris ilində Şəkinin Baş Zəyzid kəndinin şagirdləri də yeni və müasir məktəbdə təhsil alacaqlar. 3 mərtəbədən ibarət məktəb 624 şagird yerlikdir. Məktəbdə 35 sinif otağı, 6 laboratoriya otağı var. Qobustan şəhər 3 saylı tam orta məktəbin də şagirdləri növbəti dərs ilinə yeni binada başlayacaqlar. Məktəb 640 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Əsaslı təmir edilən təhsil müəssisələrinin biri də müasir avadanlıqla təchiz olunan Zərdab şəhər 1 saylı orta məktəb-liseyidir. Şagird sayı az olan ucqar ərazilərdə isə modul tipli məktəblər quraşdırılır. Onlardan biri də Astara rayonunun Şəmətük kəndindədir. 20 şagird yerlik modul məktəb ibtidai siniflər üçün nəzərdə tutulub.